Türkiyə-Azərbaycan-Gürcüstan regionda yeni alternativ platforma yaratmaq üzərində işləyə bilərlər. Bölgənin “3+3 formatı”nda toplanma ideyaları yenidən gündəmə gəlir".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin gözlənilən 9-cu üçtərəfli görüşündən danışarkən deyib. O qeyd edib ki, "3+3 platforması” Cənubi Qafqaz ölkələri və bu regiona həmsərhəd olan Türkiyə, İran və Rusiya arasında kommunikasiyaların və iqtisadi-ticarət əlaqələrinin qarşılıqlı fayda əsasında inkişaf etdirilməsini nəzərdə tuturdu:
“Ötən il Gürcüstan altılıq platformasına etirazını bildirmişdi. Onun torpaqlarını ilhaq edən Rusiya ilə birgə platformadan effektiv nəticələr gözləmirdi. İranda da daxili sabitlik bərpa edilməyib. İran Qərb dövlətləri, İsrail, ABŞ kimi ölkələrlə ciddi qarşıdurma yaşayır. Bu da güc və nüfuz itkisinə səbəb olur. Rusiya Ukraynadakı müharibə fonunda bataqlığa düşüb, çıxa bilmir. O da güc və nüfuz itirir. ABŞ, Yaponiya, Avstraliya, Cənubi Koreya kimi ölkələrin sanksiyalara qoşulması ilə Rusiya ciddi iqtisadi problemlər yaşayır".
Ekspertin qənaətincə, Türkiyə isə Rusiya və İrana nisbətən daha uğurlu xarici siyasət yürüdür:
"Türkiyə surətlə inkişaf edir, dünyanın aparıcı ölkələrindən birinə çevrilməkdədir. Gürcüstan gördü ki, Azərbaycan Türkiyə ilə ittifaq kontekstində öz ərazilərinin 30 illik işğalına son qoydu. Bölgədə yeni status-kvo müəyyənləşdirdi. Rusiya Gürcüstanın torpaqlarını ilhaq edib, İran isə Gürcüstanda ekstrimist dini qrupları maliyyələşdirir. Belə faktlar rəsmi Tiflisin rəsmi Moskva və Tehranı özünə təhlükə olaraq gördüyünü deməyə əsas verir. Gürcüstan-Azərbaycan-Türkiyə arasında baş tutacaq görüş üç ölkə arasında münasibətlərin daha da inşikaf etdirilməsinə şərait yarada bilər. Faktiki ittifaq münasibətlərinin formalaşmasını gözləmək sadəlövhlük olardı. İstənilən halda üç ölkə bir-birilərinin təhlükəsizliyinə təminat vermək, hərbi əlaqələri genişləndirmək və bölgədəki vəziyyəti düzgün dəyərləndirmək baxımından razılığa gələcəklər".
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək. Səfər dekabrın 21-də baş tutacaq. Məlumata görə, nazir Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak edəcək.