“Gürcüstan hökuməti dünyanın gözləri qarşısında gürcü xalqına onun yatıb yuxuda görə bilməyəcəyi demokratik ortam bəxş etmiş Mixeil Saakaşvilini öldürür”.
Özünün şəxsi feysbuk hesabında bu sözləri yazan sabiq maliyyə naziri, professor Fikrət Yusifovun sözlərinə görə, postsovet məkanında “vor zakon” istehsal edən bir xalqa bir neçə il ərzində Avropa dəyərlərini aşılamaq o qədər də asan iş deyilmiş: “Ancaq M.Saakaşvili bu fantastik inqilaba cürət etdi. Bu inqlabın nəticələrini çoxlarımız gedib yerində gözlərimizlə görsək də, onun baş verdiyinə inana bilmirdik. Az müddət ərzində demokratik inqilabın başa çatdığı real görünmürdü. Bu gün o şübhələrimiz təsdiqlənir. Böyük əksəriyyətinin xislətində yaramaz əməllər kök salmış bir millətin yüz illər boyunca formalaşmış baxışlarını qısa zaman kəsiyində demokratik dəyərlərlə əvəzləmək mümkün deyildi.
Dünya tarixində ən böyük və ən çətin inqilab, şüurda edilə bilən inqilabdır. Belə inqilabın başa çatması üçün uzun yol keçilməlidir. M.Saakaşvilinin Gürcüstanda başlatdığı inqilab davam etmədi. Çünki gürcü xalqının çoxluğu bunu istəmədi (istəsəydilər M. Saakaşvili bu gün Gürcüstan türməsində can verməzdi). Bir sözlə, M.Saakaşvilidən sonra gürcülər “kəndinə qayıtmağa” başladılar. Saakaşvili yolunu davam etdirmək heç kimə lazım olmadı. M.Saakaşvili bunun belə olduğunu bilirdi və elə bu səbəbdən də hər şeyi göz önünə alıb, Gürcüstana döndü. O, başladığı və yarımçıq saxlanılmış inqilabı başa çatdırmaq istəyirdi. Ancaq görünən budur ki, gürcü xalqı bir xalq olaraq ona demokratik dəyərlər bəxş edəcək inqilaba hazır deyildi və bunu istəmirdi”.
Professorun sözlərinə görə, M.Saakaşvili Gürcüstan türməsində həyatını itirərsə, bu, gürcü xalqının tarixində ən utancverici bir hadisə olacaq! Çünki o, sıradan biri deyil, yüksək bəşəri dəyərləri olan böyük və böyük olduğu qədər də cəsur bir siyasətçidir!