"Ermənistanın KTMT sənədini imzalamaması Rusiyaya böyük zərbə idi"
Rusiyanın Qarabağ barəsində diplomatik istiqamətdə fəaliyyəti səngimək bilmir. Ukraynada bataqlığa qərq olan Rusiya əlini Qarabağdan çəkmir. İndi də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fikir bildirib.
O Moskvanın İrəvan-Bakı münasibətlərində yaranan mənfi tendensiyadan narahatlığını dilə gətirib.
M.Zaxarova söyləyib ki, qarşılıqlı ittiham regionda gərginliyin artması ilə müşayiət olunur:
"Rusiya tərəfləri kompromis həll yolları axtarmağa çağırır və bunun üçün yardım göstərməyə hazırdır".
M.Zaxarovanın dediklərinə görə, rəsmi Moskvanın Azərbaycan, Rusiya və Ermənistan nümayəndələrinin üçtərəfli görüşünün keçirilməsi ilə bağlı təklifi qüvvədədir: “İrəvan təəssüf ki, dekabrda Moskvada Azərbaycan tərəfi ilə danışıqlar aparmaq fürsətini əldən verdi. Amma təklif hələ də qüvvədədir. Moskva görüş üçün platforma təqdim etməyə hazırdır”.
Moskvanın narahatlığının nədən qaynaqlandığını "Sherg.az"a açıqlayan siyasi şərhçi Fuad Abbasov bildirib ki, şimal qonşumuzun həyəcan keçirməsinin başlıca səbəbi Cənubi Qafqaz bölgəsindən sıxışdırılaraq çıxarılmasıdır:
"Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə həm İrəvanda, həm də Moskvada keçirilən görüşlərdə Rusiyanın mövqeyinə zidd bəyanatlar verib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sənədini imzalanmaması Rusiyaya böyük zərbə idi. Toplantıda prezident Putinin mimikalarından bunu hiss etmək olardı. Rusiya ən böyük hərbi bazasının yerləşdiyi Gümrü şəhəri başda olmaqla, bütövlükdə Ermənistanı itirmək təhlükəsi ilə üz-üzədir. Ona görə M.Zaxarova Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlanma şansını ötən ilin dekabr ayında keçirilməsi planlanlaşdırılan görüşdə itirmiş olduğunu bir daha vurğuladı.
Lakin M.Zaxarova Rusiya Xarici İşlər Naziri (XİN) Sergey Lavrovun təlimatı ilə belə tezis ortaya atdı ki, Moskva hər iki tərəfə görüş üçün meydan təklif edə bilər. Bundan sonra alınacaq qərarların Moskvanın təsiri və yaxud istəyi altında reallaşmasının lazımlığını vurğuladı. Amma N.Paşinyan və onun hökumətinin hansı yollarla hakimiyyətə gəldiyini bilirik".
F.Abbasovun fikrincə, N.Paşinyan Avropa və Amerika yönümlü siyasət yürütməyə davam edəcək:
"Görüşün baş tutması mümkündür. S.Lavrov təkif etsə, Ermənistan öz Xarici İşlər Nazirini ora göndərəcək. Azərbaycan XİN Ceyhun Bayramov onsuz da Moskvaya səfərlər edir. Hər şey Ermənistan tərəfindən asılıdır.
Əsl maraqlı olan görəsən, Ermənistan Moskvanın himayədarlığından boyun qaçırdıqdan sonra hansı ölkəyə söykənəcək?!
Fransa, İngiltərə, yoxsa Amerikaya? Azərbaycan Rusiyadan sonra qarşısında hansı ölkəni görəcək?".