“Rəsmi İrəvan hazırda Ermənistan, Gürcüstan və Azərbaycan liderlərinin iştirakı ilə görüş ideyasını nəzərdən keçirir”. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. O bəyan edib ki, Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına maraq göstərir:
“Biz mümkün Tbilisi platformasını ikitərəfli Ermənistan-Azərbaycan görüşləri baxımından deyil, regional üçtərəfli müzakirələr prizmasından nəzərdən keçiririk. Hazırda Ermənistan və Gürcüstan baş nazirlərinin Azərbaycan Prezidenti ilə görüşü gündəmdədir”.
Qeyd edək ki, ATƏT-in hazırkı sədri Ann Linde təhlükəsizlik məsələləri üzrə illik konfransda bildirmişdi ki, Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqazda dayanıqlı sülh və inkişaf üçün vacibdir.
Görüş ehtimalını "Sherg.az"a şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, tərəflər qlobal miqyasda qeyri-müəyyənliyin olduğunu yaxşı başa düşür:
"Qeyri-müəyyənliyin sonunda hansı tərəfin qazanclı və yaxud məğlub çıxacağını söyləmək çox çətindir. 10-15 il əvvəl qlobal rəqabət yaşansaydı, ABŞ və Qərb dövlətləri o zamankı üstünlükləri ilə rəqiblərini sıradan çıxarmağı bacarardılar. İndi qüvvələr nisbəti də dəyişib. Bəziləri təxmin edirdi ki, Ukraynada müharibə bir ilə qədər uzansa, Rusiya hərbi potensial baxımından tab gətirə bilməyəcək.
Çünki Ukraynaya Qərb, xüsusilə NATO ölkələrindən dəstək gəlir. Rusiya müəyyən qədər İrandan dəstək alsa da, təkbaşına mübarizə aparır. Eyni zamanda Çin faktoru son illərin ən yüksək inkişaf tempinə malikdir. Bu da qarşıdurmada qüvvələr nisbətini balanslaşdırıb. Dünyəvi rəqabət fonunda Cənubi Qafqaz ən təhlükədə olan regionlardan biridir. Çətin situasiya ilə üz-üzədir. Hegemon güclərin Cənubi Qafqazla siyasi qərarlarının nədən ibarət olacağını təxmin etmək olmur. Ona görə də, Cənubi Qafqazın özünü müdafiə etməsi üçün tək-tək hərəkət etməsi əlavə risklər ortaya çıxarır".
Ekspertin qənaətincə, problem odur ki, Qafqaz ölkələri arasında ciddi rəqabət var:
"Azərbaycanla Ermənistan arasında düşmənlik məsələsi ortaya çıxır. Cənubi Qafqaz özü də beynəlxalq rəqabətdə yer alır. Cənubi Qafqaz özü mübarizə poliqonuna çevrilmək təhlükəsi ilə qarşı-qarşıyadır.
Ermənistan daha tələsik davranır, üçtərəfli görüşdə maraqlı olduğunu diqqətə çatdırır. İrəvan 2020- ci ildə acı məğlubiyyətə uğradığının fərqindədir. Onlar heç bir qlobal məsələlərdə söz haqqında malik olmayacaqlar. Hərbi gücləri, potensialları buna imkan vermir. 2020-ci ilə qədər Azərbaycanı məğlub edəcəklərini düşünürdülər. Artıq görürlər ki, Azərbaycanı məğlub edə bilməyən dövlət qlobal güclərə qarşı heç bir vasitə ilə təyziqlərə sinə gərə bilməz. Əməkdaşlığın ilk şərti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır".
H.Səhrablının fikrincə, Cənubi Qafqaz ölkələri arasında ziddiyyətli məqamlara son qoymaq və ortaq məxrəcə gəlmək lazımdır:
"Ermənistan sülh müqaviləsini bağlamaq üçün Azərbaycanın şərtlərini tam şəkildə yerinə yetirəcəkmi? Beynəlxalq hüququn tələb etdiyi sərhədlərin müəyyənləşsinə nə dərəcədə real yanaşacaq? Qarabağ iddialarından əl çəkəcək? Azərbaycan xalqının yüz illərdir, talandığı hüquqlarını geri verməkdə iradəli olacaq? Ermənistanın havadarları belə addım atması üçün ona razılıq verəcəkmi? Hazırda bunlar qeyri-mümkün görünür.
Üçtərəfli görüşün keçirilməsi, Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi meyilləri çox effektiv nəticələr verməyəcək".
Hərbi siyasi ekspert söyləyib ki, tərəflər rəsmi Bakının mərkəzə çevrilməsinə razılıq verdiyi təqdirdə Cənubi Qafqazda ideal əməkdaşlıq mühitinin formalaşması mümkündür:
"Cənubi Qafqazın ən potensial ölkəsi Azərbaycandır. Dünyaya çıxışı, Avropa enerji təhlükəsizliyi, Şərq-Qərb, Şimal-Cənub dəhlizləri baxımından Cənubi Qafqazda birlik və əməkdaşlığı formalaşdıra biləcək yeganə mərkəz rəsmi Bakıdır. Ermənistanın qəbul etməyəcəyinin fərqindəyik. Bu da əməkdaşlığa zərbə vuracaq. Heç Gürcüstanın da Cənubi Qafqazda hegemonluğu öz əli ilə Bakıya təqdim etmək niyyətinin ola biləcəyini dəqiq söyləmək olmur. İstənilən halda rəqabət mühiti qalacaq. Ermənilərin əsassız etnik kinlərini daxil etsək, Cənubi Qafqazda üç ölkə arasında tam sağlam əməkdaşlığın formalaşmasının mümkünsüzlüyü qənaətinə gələ bilərik".