Vaşinqton narahatdır

Bakı hərbi tətbiqləri gündəlikdən çıxarmayıb

Blinken, mümkündür ki, Azərbaycan tərəfini sakitləşdirmək üçün Prezident İlham Əliyevə zəng edib

  Yanvarın 23-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. Entoni Blinken Vaşinqtonun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib. Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayıb. 

Onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini deyib. Prezident bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir. Dövlət başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Ölkə rəhbəri Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib. Bununla yanaşı, dövlət başçısı ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Bəyan edib ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir. Prezident Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib.

  Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Rusiyanın Ruben Vardanyanı Qarabağda saxlamaq cəhdi, Qərbin Şuşa-Xankəndi yolundakı aksiyalara “humanitar fəlakət var” bağırtısı səpkisində münasibəti regiondakı etimad mühitini şübhə altına alır. Ekspertə görə, ABŞ dövlət katibi Entoni Blinken bu şübhələri öz dövlətinin məntiqi ilə dağıtmaq üçün yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib: 

"Diplomatik təmaslar etibarlı həll variantıdır, amma təhlükəsizlik qavrayışlarındakı fərqlər tənzimləmələri axsadır. Azərbaycan tərəfinin telefon danışığına dair yaydığı rəsmi informasiyada Blinken-Əliyev danışığının gərgin keçdiyini göstərən əlamət var. ABŞ ilə Azərbaycan insan hüquqlarına yanaşma məsələsində heç cür çəkici eyni nöqtəyə vurmur. Vaşinqton bu mövzunu qlobal ekspansiya siyasətinin mərkəzində tutur, Azərbaycan isə eyni məzmuna konstitusion hüquq kimi baxır. Yəni Azərbaycan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini və hüquqlarını öz konstitusiyasının tələbləri çərçivəsində görürsə, ABŞ bunu fərqli meyarla dəyərləndirir. Belə fərqlər ABŞ ilə Azərbaycan münasibətlərindəki mübahisəli tezislərin başında dayanır. Lakin iki ölkənin tərəfdaşlığı və əməkdaşlığına zərbə vurmaq qabiliyyətinə yüksəlmir. Azərbaycanın Blinken-Əliyev danışığı haqqında yaydığı rəsmi məlumatda Prezidentin dövlət katibinə Laçın yolundakı vəziyyəti daha çox izah etdiyinə diqqət ayrılıb. ABŞ Dövlət Departamenti isə məlumatında Blinkenin “humanitar böhran riskləri” tezisini qabardıb və Laçın yolunun təcili olaraq nəqliyyat üçün açılmasını istədiyini önə çıxarıb".

  A.Kərimovun fikrincə, Dövlət Departamentinin məlumatında bir məqamın altından qırmızı xətt çəkilə bilər:

 "Bu həmin cümlədir ki, Blinken dövlət başçısı İlham Əliyevi Ermənistanla münasibətlərin tənzimlənməsi üçün səyləri ikiqat artırmağa çağırıb. Həmin cümlənin özü də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iplərin Azərbaycanın əlində olduğunun bəyan edilməsidir. ABŞ bilir ki, Azərbaycan sülh alətlərinin effektiv olması üçün həmin modeli Ermənistana təzyiqlərlə inkişaf etdirir. Azərbaycanın Ermənistana təzyiqləri ilə Rusiyanın İrəvana basqıları arasında fərqlər olsa da, ümumi yanaşmada Bakı ilə Moskvanın xətləri birləşir. Amerikanı sarsıdan Kremlin Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı yerindən bərk yapışmasıdır. Azərbaycan isə burada Rusiyaya müttəfiq nəzərilə baxmır. Sadəcə, təhlükəsizlik səbəbi ilə bəzi nüanslarda Moskva ilə razılaşmaların vacib olduğunu dərk edir. Bakının balanslı məntiqi Vaşinqtona münasibətdə də özünü göstərir. Yəni yeri gələndə Rusiyanın regiondakı ambisiyalarının səsini azaltmaq üçün Vaşinqtonla əməkdaşlıq ruhu yenilənir. Lakin Azərbaycanın tutduğu mövqe Rusiya ilə ABŞ-nin bir-birilə mübarizəsini zəiflətmir. Ən çətini isə onların Azərbaycanla yanaşı, Türkiyəni də öz tərəflərində tutmaq üçün atdıqları addımlardır".
  Siyasi şərhçinin qənaətincə, iki qütbün uclarında dayanan Moskva ilə Vaşinqton Türkiyəni bir-birinə qarşı rəqabətdə tarazlaşdırıcı güc kimi görürlər. Amma Ankara tərəzinin gözünü Rusiyaya doğru əyir: "Regionun Azərbaycan-Türkiyə-Rusiya, yoxsa Azərbaycan-Türkiyə-Qərb üçbucağının içərisinə alınması mövzusunda ABŞ-nin narahatlıqları var. Türkiyə NATO üzvü olsa da, Rusiya ilə qurduğu əməkdaşlıq sferası ilə Ağ Ev regiondakı gücünü itirir. Ona görə ki, ABŞ-nin Cənubi Qafqazdakı hədəflərinə çatmasında Türkiyənin böyük rolu var. Hərçənd, Ankara Qərbin ona qarşı həmlələrindən dolayı ağırlığı Moskvanın üzərinə salır. Ağ Ev buna özünün regional qara günləri kimi baxır və həmin yanaşma Azərbaycanla münasibətlərə təsirsiz ötüşmür. Bütün bunlara rəğmən, ABŞ ilə Rusiyanın ulduzu Vardanyanın obrazında barışır. Rusiya Vardanyanı Qarabağda daha böyük layihənin icrası üçün “məşq etdirir”. ABŞ isə Vardanyandan erməni hüquqlarının müdafiəsinə bəhanə tapmaq üçün istifadə edir. Azərbaycan Vardanyan  rudimentinin (funksiyasını itirmiş orqan - red) siyasi yollarla kəsilib atılmasında maraqlıdır. Ancaq bu dəfə Ermənistanla sərhədlərin müəyyənləşməsi məsələsində problemlər ortaya çıxır ki, Bakı hərbi tətbiqləri gündəliyə daşıyır. Blinken, mümkündür ki, Azərbaycan tərəfini sakitləşdirmək üçün Prezident İlham Əliyevə zəng edib. Bakı isə artıq səbrinin hədlərini müəyyənləşdirir".