Fransa Ermənistan-Azərbaycan sərhədinə “Jandarm” qüvvələrini göndərir.
Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevə müsahibəsində bildirib.
Azərbaycanlı jurnalistin diplomatik mənbələrədən əldə etdiyi məlumata görə, Fransanın Avropa İttifaqının Zəngəzura göndərmək qərarını verdiyi mülki missiyanda dəyişiklik təşəbbüsü fəal şəkildə müzakirə olunur. Məlumata görə, Avropa İttifaqının mülki misisyanın 100 nəfərlik tərkibinə 70 nəfərlik Fransa jandarmı daxil edilib.
Qeyd edək ki, jandarmeriya Fransanın silahlı qüvvələrinin bir hissəsi sayılır və müdafiə nazirinə tabedir.Bu günlərdə məşhur Le Figaro qəzetinin baş redaktoru Jan Krisotf Byuisson da Fransanın Ermənistana hərbi missiya göndərmək barədə məlumatını açıqlayıb. Çox guman ki, Byuisson bu informasiyanı Fransa prezidentindən alıb. Yanvarın sonunda Makron Yelisey sarayında jurnalisti qəbul edib. Məhz bu görüş zamanı Makron jurnalistə hazırlanan hərbi missiya barədə danışıb. Rusiya səfiri müsahibədə fransız jandarm qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu yerləşdirilməsi barədə informasiyanı təsdiqləyib. Boçarnikov həmçinin fransız hərbçilərinin regiona gəlişindən sonra mümkün təhlükə və çağırışlara da toxunub.
Məsələni "Sherg.az"a dəyərləndirən tanınmış araşdırmaçı jurnalist Xəqani Səfəroğlu bildirib ki, Fransa xeyli zamandır Azərbaycan və Ermənistan sərhədinə hərbi missiyanın göndərilməsinə çalışır:
"Bununla əlaqədar Makronun bir sıra mesajları belə olub. Onlar Avropa İttifaqının(Aİ) mülki missiya göndərmək qərarından istifadə etməyə çalışırlar. Çox güman ki, Fransa prezidenti mülki missiyanın tərkibində hərbi müşahidə qrupunun olması üçün əlləşir. İnformasiya ilə bağlı yəqin ki, Aİ öz mövqeyini bildirəcək. Yəni bunun nə dərəcədə gerçək olub-olmadığını yaxın zamanda biləcəyik".
Həmkarımızın sözlərinə görə Azərbaycan Ermənistanla sərhəddə kimin gətirilməsinin marağında deyil:
"Əsas odur ki, Azərbaycan ordusu sərhədlərdə yerləşib və oradan bir addım belə çəkilmir. Fransa “Jandarmları” da daxil olmaqla kim gəlirsə, gəlsin məsələ belə həll olunmayacaq. Digər tərəfdən Bakı sərhədlərin delimitasiya ilə bağlı öz təkliflərini verib. Bu hazırda Praqa sammitində, Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli bəyanatının bəndlərində də əks olunub. Ermənistan isə hər vəchlə rəsmi Bakının təkliflərindən boyun qaçırmağa çalışır. Amma Azərbaycanın bu məsələdə mövqeyi qətidir. Həmçinin biz rəsmi İrəvanın müxtəlif manipulyasiyalara əl atdığını görürük. Ermənistanın Aİ-dən gözləntiləri demarkasiya məsələlərini arxa plana atmaq və missiyanın arxasında gizlənərək Kremllə münasibətləri yenidən masa üzərinə qaldırmaqdan ibarətdir. Lakin bütün hallarda Aİ-nin missiyası mülkidür və onlar yalnız sərhəd boyu məsələlərin müşahidəsini apara bilər".
X.Səfəroğlu qeyd edib ki, “Jandarmlar”ın Ermənistan sərhədinə gəlməsi Fransa- Rusiya münasibətləri üçün problem yaradacaq:
"Məlum olduğu kimi Rusiyanın sərhəd qoşunları həmin ərazilərdə yerləşir. Həmin sərhəd qoşunları ilə münasibətlərin necə qurulacağını rəsmi Paris Moskva ilə həll etməli olacaq. Ermənistanın Aİ-nin missiyasına ümid etməsi bölgədəki geopolitik məsələləri rəsmi İrəvan üçün qəlizləşdirir. Missiya barədə isə yalnız fəaliyyətə başladıqdan sonra təhlil vermək mümkün olacaq".