Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü məsələsi müzakirə edilir.
Bunu Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov mətbuat konfransında deyib.
O qeyd edib ki, Rusiya tərəfi bu məsələnin müzakirəsini diqqətdə saxlayır.
"Vəziyyətin stabilləşməsi istiqamətində görülən işlər üçün müxtəlif dialoq məkanları və formatlarının təmin edilməsi nöqteyi-nəzərindən əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik", - deyə nazir müavini bildirib.
Görüşün keçirilə biləcəyini deyən politoloq İlqar Vəlizadə "Sherg.az"a vurğulayıb ki, söhbət Ermənistanın bu görüşə hazır olub-olmadığından gedir:
"Azərbaycan tərəfi dəfələrlə öz təkliflərini irəli sürüb.
Digər tərəfdən biz Ermənistandan konkret addımlar gözləyirik. Lakin rəsmi İrəvan vaxt uzatmaqla məşğuldur və görüşlərdən imtina edir.
Xatırlayırsızsa görüş planlaşdırılmışdı, ancaq Ermənistanın təşəbbüsü ilə pozuldu. Yəni belə bir yanaşma davam etdikcə görüşün mümkünlüyü görünmür.
Əgər Rusiya Ermənistanı görüşə məcbur etsə və Azərbaycan tərəfini qane edən konkret məsələlər müzakirə edilsə, görüş daha məhsuldar olar".