Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Görüşün əhəmiyyətini "Sherg.az"a dəyərləndirən politoloq Tofiq Abbasov söyləyib ki, Rusiya Azərbaycan münasibətlərində stabil vəziyyət hökm sürür:
"Biz artıq biri-birimizi kifayət qədər sınamış qonşularıq. Münasibətlərimizdə isə narazılıq doğuran amillər yoxdur. Digər tərəfdən bizim çoxsaylı ortaq layihələrimiz var. Bu konteksdə isə vaxtaşırı danışıqların və məsləhətləşmələrin keçirilməsi vacibdir. İndiki şərait çox mürəkkəbdir. Çünki dünyada böhranlı vəziyyət yaşanır. Həmçinin Ukrayna ilə Rusiya arasındakı gərginlik və müharibə şəraiti var. Bu qarşıdurma Avrasiya məkanında ağır vəziyyət yaradır. Bu təqdirdə isə Rusiya ağır vəziyyətdən çıxmaq üçün alternativ axtarır. Bu danışıqlarda əlavə imkanların proseslərə cəlb olunması məsələsinin müzakirə olunacağı da gözləniləndir. Bu səviyyədə aparılan danışıqlar hər zaman pozitiv rol oynayır. Ümumiyyətlə, Moskva və Bakı arasındakı dialoq biri-birinə etimad göstərməyin sübutudur. Düzdür, bu dostluq siyasətində də anlaşılmayan məqamlar olur. Lakin belə olsa da, hər iki tərəfin niyyəti anlaşmazlığı aradan qaldırmaqdır".
T.Abbasov əlavə edib ki, Azərbaycanla Ermənistan arasındakı problemlərin həlli də bu görüşdə mütləq müzakirə ediləcək:
"Rusiya prosesdə yaxından iştirak edir və əsas moderatordur. Düzdür Fransa, Aİ və Qərb Kremli prosesdə ağır duruma salmağa çalışır. Ancaq bu mümkünsüzdür. Çünki Rusiya bilavasitə Qafqaz dövlətidir. Yəni bu bölgədə Moskvanın hüquqi mövcudluğu var. Rusiyaya burada müharibə şəraitinin olmaması və qarşıdurmanın səngiməsi lazımdır. Düzdür, Ermənistan əks istiqamətdə çalışır. Azərbaycan isə bu məqamı Rusiyanın rəsmilərinin diqqətinə çatdırır. Rəsmi Bakının Moskvadan gözləntisi, Rusiyanın Ermənistana daha çox təzyiq göstərməsi və onları sülh müqaviləsinin imzalanmasına sövq etməsidir".