Bakıya ZƏNG! – “Yekun sülhün imzalanmasına dair addımlar...” - ŞƏRH

20 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Bu barədə XİN-dən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə Respublikasında böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması işləri, zəlzələdən sonra yenidənqurma planları barədə müzakirə aparılıb.

“Nazir Ceyhun Bayramov, Azərbaycanın qardaş Türkiyəyə bütün lazımi dəstəyini davam etdirəcəyini bir daha vurğulayıb. Bu gün Hatayda baş vermiş iki güclü zəlzələ təkanlarının təsirləri ilə maraqlanıb. Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu zəlzələ bölgəsində son vəziyyət, zəlzələ bölgələrində binaların tikintisi planları barədə ətraflı məlumat verib. O, Hatayda baş vermiş sonuncu zəlzələlərin əvvəl ciddi və orta səviyyədə zədə almış binalara zərər verdiyini bildirib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd edilib.
Çavuşoğlu ilə Bayramov arasındakı danışığın təkcə Türkiyədə baş verən zəlzələ ilə əlaqədar olmadığını deyən hərbi-siyasi ekspert Həşim 
Səhrablı "Sherg.az"a vurğulayıb ki, indiki zamanda tərəflər arasında telefon danışığının olması son günlər yaşanan siyasi hadisələr fonunda müzakirəkərin aparılması kimi qəbul edilə bilər:

"Bayramov və Çavuşoğlu arasında Münhen təhlükəsizlik konfransında dünya liderlərinin verdiyi siyasi bəyanatlar fonunda, bölgədə yaşanan və yaşana biləcək hadisələr barəsində də ümümi fikir mübadiləsinin aparıldığını düşünürəm. Digər tərəfdən artıq Türkiyə, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə müəyyən irəliləyişlər nəzərə çarpmaqdadır. Xüsusən də 30 ildən sonra Türkiyəyə və Ermənistan arasındakı quru sərhədlərinin açılması böyük bir hadisədir. Həmçinin sərhədlərin tam açılması məsələsi də gündəmə gətirilib və daha real politik situasiyada baş verir. Ona görə də əvvəlki illərə nisbətən gələcəyə doğru münasibətlərin normallaşması fonunda ümidlər daha çoxdur".

Ekspert qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində də bir sıra ciddi addımlar atılır və atılmağa davam edir:

"Buraya Ermənistanın rəsmi Bakının 5 baza prinsipinə baxıb, yenidən Azərbaycan tərəfinə öz əlavələrini göndərməsini nümunə gətirə bilərik. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda və İranın Azərbaycana qarşı aqressiv addımlarının artdığı bir situasiyada Cənubi Qafqazdakı siyasi proseslərin  müzakirə olunması ehtimalı da var. 

Düşünürəm ki, tərəflər bu kimi siyasi məsələlərin hamısına toxunublar və gələcəkdə Azərbaycan və Türkiyənin hansı yol xəritəsini izləyəcəyi barəsində fikir mübadiləsi aparıblar".