“Rusiyada daha bir milyona yaxın insan səfərbərliyə cəlb edilə bilər”.
Bunu Almaniya Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəhbəri Bruno Kahl deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin danışıqlara hazır deyil və ona görə də 1 milyon insan müharibəyə çağırıla bilər.
Kahl bildirib ki, Moskvanın başlatdığı müharibə bu dövlətin istədiyi kimi davam etmir. O qeyd edib ki, Ukraynanın uğuru isə Qərbin davamlı dəstəyindən asılı olacaq.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu və Britaniya kəşfiyyatı da Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunacağı ehtimalını irəli sürüb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.
Məsələyə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, bundan əvvəl də ABŞ-ın Müharibə Araştırmaları İnstitutu və Britaniya kəşfiyyatı Rusiyada səfərbərliyin yeni dalğasının elan olunacağı ilə bağlı proqnoz vermişdi:
"Biz Rusiyanın döyüş meydanındakı itkilərinin getdikcə artmaqda olduğunu və imkanlarının tükəndiyini görürük. Ukrayna baş qərargahının məlumatına görə Rusiya döyüş meydanında gündəlik 800-1000 nəfər arası canlı qüvvəsini itirir. Bu rəqəmlərdə müəyyən qədər şişirtmələr ola bilər. Amma Kremlin gündəlik ən azı 500 nəfər canlı qüvvəsini itirdiyini düşünürəm. Həmçinin Rusiyanın Ukraynadan fərqli olaraq xaricdən dəstək almaq imkanı yoxdur. Çünki Rusiya artıq sivil dünyadan tamamilə təcrid olunmaqdadır".
Analitikin sözlərinə görə Rusiya nizami ordusu ilə Vaqnerçilər və Priqojinin dəstələri arasında fikir ayrılıqları var:
"Artıq hiss olunur ki, rus ordusundakı hərbçilər yola getmirlər. Hətta komandanlıqda tez-tez dəyişikliklərin olması silahlı qüvvələrə olan etimadsızlıqdan irəli gəlir. Yəni Rusiya ordusunda vəziyyət ürəkaçan deyil və böhran getdikcə dərinləşir. Belə olduğu halda isə səfərbərliyin növbəti dalğasının elan edilməsi istisna edilmir. Digər tərəfdən böyük bir kütlənin səfərbər edilməsi daxili narazılığı artıracaq. Hətta mövcud hakimiyyətə qarşı etirazların daha da şiddətlənməsi belə gözlənilə bilər. Kreml rəhbərliyi də mümkün qədər buna getməməyə çalışır. Hələlik Rusiya bu məsələdə müqavimət göstərərək, səfərbərliyin elan olunmamasına çalışır. Səfərbərlik elan olunduğu təqdirdə, döyüş meydanında kiçik uğurlar əldə ediləcək, ordu yenidən formalaşacaq. Bunun müqabilində isə daxili vəziyyət gərginləşəcək. Ümumiyyətlə səfərbərlik məsələsində Kreml rəhbərliyi "iki daşın arasında qalıb". Onlar ya daxili sabitliyi, ya da döyüş meydanında üstünlüyü əla almağı seçməlidir".