"Putinin Federal Məclisə müraciəti bir neçə tezislə yadda qaldı".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elşən Məcidov deyib.
O bildirib ki Rusiya prezidentinin ümumi çıxışını təhlil etdikdə, natamamlıq, dezinformasiya və əsassız ittihamlarla qarşılaşırıq:
"Birinci əsas məsələ Putinin iqtisadi məsələlərdən danışmasıdır. O çıxışı zamanı Rusiyanın iqtisadi problemlərinə toxunmadı. Burada həmçinin dezinformasiyalar da var idi. Putin bəzi rəqəmləri şişirtmişdi və ya səhv məlumatlar vermişdi. Yəni iqtisadiyyatın müsbət yönlərindən danışsa da, mənfi tərəflərini qeyd etməmişdi. Ümumiyyətlə, Qərbin Rusiyaya 5 dekabrda tətbiq etdiyi neft qiymət həddi sanksiyası, Kremlin gündəlik 160 milyon dollar itirməsinə səbəb olub. Qərb ölkələri 5 fevral tarixində rus neftinə 100 dollar qiymət həddi müəyyən etmişdi. Bu da rəsmi Moskvanın gündəlik 280 milyon dollar pul itirməsinə gətirib çıxarır. Həmçinin sanksiyalar Rusiyada 1 trilyon 710 milyard rubl büdcə kəsrinə səbəb olub. Bu kəsrin hansı yollarla bağlanacağı isə bəlli deyil. Putinin müraciətində bu haqda heç bir şey qeyd edilmədi. Büdcədəki əskiklik üç yolla həll edilə bilər. Birincisi vergilərin artırılması, ikinci pul emissiyasının həyata keçirilməsi, üçüncü isə dövlət borclarının çoxaldılmasıdır. Ancaq Rusiyaya hansı ölkənin borc verəcəyini düşünmürəm. Onların özünün istiqrazları çap edib əhaliyə paylaması mümkünsüzdür. Çünki əhalinin o qədər pulu yoxdur. Qalır üçüncü yol. O da vergilərin artırılmasıdır. Bu isə əhaliyə tətbiq edilməyəcək. Yalnız varlı kəsimin vergiləri artırıla bilər. Artım isə hökumət və elita arasında ziddiyyəti gücləndirəcək".
Analitikin sözlərinə görə Rusiya prezidentinin hərbi aspektdən çıxışlarına nəzər salsaq, burada da "dişə gələcək" bir fikirlə rastlaşmadıq
"Putin qeyd edir ki, "Biz ümumi bir təhlükəsizlik mühitinin formalaşdırılması üçün müraciət etmişdik, lakin buna sərt yanaşma ilə cavab verildi". Halbuki belə bir müraciət heç olmayıb. Keçmişə baxsaq, əksinə Qərb ölkələrinin Rusiyanı hücumdan çəkindirməyə çalışdıqlarını görərik. Onlar münaqişəni dinc yollarla tənzimləməyə çalışırdılar. Rəsmi Moskva isə bunu bildiyi halda, Qərb ölkələrinin icra edə bilməyəcəyi tələblərlə çıxış etmişdi. Putin Qərb ölkələrinin “yox” cavabı verməsini münaqişənin başlaması kimi qələmə versə də,doğru deyil. Bu sadəcə Kremlin irəli sürdüyü ambisiyaların absurd olmasından irəli gəlir".
Ekspert qeyd edib ki, Rusiyanın strateji hücum silahları müqaviləsini dayandırmasının güclü bir əhəmiyyəti yoxdur:
"Çünki rəsmi Moskva nüvə silahından istifadə məsələsini birinci gündən dilə gətirib. Həmçinin Rusiya nüvə silahı ilə təhdid etmək "kozırından" çoxdan istifadə edib. Artıq Qərb Rusiyayının nüvə silahından istifadə etməyəcəyini başa düşür. Yəni Putinin “Nüvə başlıqlarının sayını artıracağıq” təhdidi əhəmiyyətsizdir. Ümumiyyətlə isə bu müraciət kifayət qədər zəif idi və Putinin deməyə sözü yox idi. Hətta belə təxmin edilirdi ki, Rusiya yanvar ayında 500 min nəfəri səfərbər edəcək. Lakin bu da olmadı. Hətta Rusiyada 1 milyon şəxs səfərbər olunacaq iddiası da müəmmalıdır. Çünki artıq Rusiyada bilet qiymətləri qalxıb və insanları qaçmağa çalışırlar".
Qeyd edək ki, fevralın 21 də Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciət edib. Tədbir Moskvada “Qostinoy dvor”da təşkil olunub. Xatırladaq ki, bu Putinin Federal Məclisə 18-ci müraciətidir.