Rusiya, İran, Suriya və Türkiyənin xarici siyasət idarələrinin rəhbərləri dördtərəfli formatda görüşəcəklər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, Rusiya Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına kömək edir və tezliklə İran danışıqlar prosesinə qoşulacaq.
Xatırladaq ki, 2022-ci ilin sonunda Rusiya, Türkiyə və Suriya Müdafiə nazirliklərinin rəhbərləri Moskvada görüşüblər. Daha sonra Türkiyə və Suriya müdafiə nazirləri 11 ildən sonra ilk dəfə görüş keçiriblər. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov xatırladıb ki, Moskvada üç tərəf gələcək birgə işi əlaqələndirmək üçün ekspert mexanizmi yaradıb və onun əsas istiqamətlərini müəyyənləşdirib.
Daha sonra danışıqlar prosesinə İran da qatılmağa qərar verib. Rusiya tərəfi İranın regional rolunu və Türkiyə və Suriya ilə əlaqələrinin xarakterini nəzərə alaraq bu təşəbbüsü dəstəkləyib. Boqdanov qeyd edib ki, həm Ankara, həm də Dəməşq Tehranla danışıqlara qoşulmağa razılaşıblar.
Suriya məsələsinin nizamlanmasında “Cenevrə variantı” və “Astana formatı” olduğunu deyən “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, Astana formatı əsasən İran, Rusiya və Türkiyə liderlərinin birgə fəaliyyəti ilə bağlıdır:
"Son vaxtlar Bəşər Əsəd rejimi Ankara tərəfindən ciddi qəbul edilmir. Yəni artıq onun legitimliyini itirdiyi deyilir. Beynəlxalq ictimaiyyət də bu məsələyə köklənib. Amma Rusiya və İran Əsədi hakimiyyətdə saxlaya bildi. İndi rəsmi Moskva Türkiyə və Suriya arasındakı münasibətlərin yaxşılaşmasını istəyir. Əslində Kremlin planı uzun müddətlidir və Türkiyəni Suriyanın şimalından çıxarmağa hesablanıb. Çünki Suriya tərəfi danışıqlara yalnız Türkiyənin ərazisini tərk edəcəyi təqdirdə başlayacağını söyləyir. Ankara isə təminat olmadan sözügedən ərazidən çıxmayacağını bəyan edir. Təminat isə PKK, YPG kimi terror təşkilatkarının təmizlənməsidir. Bu terror qruplaşmaları isə İran, ABŞ və Rusiya tərəfindən dəstəklənir".
Ekspertin sözlərinə görə, indiki məqamda münasibətlər gərgin olaraq qalır:
"Ümumiyyətlə Türkiyə tərəfi torpaqlarında olan 3,6 milyonluq suriyalı qaçqını geri qaytarmaq istəyir. Amma bunun yeni dalğanın başlamasına səbəb olmasından məkinir. Çüki yeni dalğa baş versə 3,6 milyon 7-8 milyon olaraq geri qayıda bilər. Digər tərəfdən danışıqların baş tutması ehtimalı təbiidir. Ancaq burada cənub qonşumuzun da öz məqsədləri var. Rəsmi Moskva və Tehran arxa planda Suriya uğrunda rəqabət aparır. O baxımdan da danışıqlar masasının ilk raundunda Türkiyə, Rusiya və Suriyanın iştirak edəcəyini düşünürəm. Müəyyən bir razılaşmanın ardından isə İran da buna qoşula bilər. İndiki vəziyyətdə Türkiyə regionun stabilləşməsinə çalışır. Bunun nə qədər mümkün olacağı sual altındadır. Yəni görüşün keçirilməsi, nəticənin uğurlu olacağından xəbər vermir. Bu sadəcə olaraq ilkin danışıqlar masası kimi dəyərləndirilməlidir".