Rusiya və Ermənistan arasında “sərt küləklər”! – “Bu, "fırtınaya" da çevrilə bilər”

Moskva Qərbin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir”.
Bunu Ermənistan parlementinin sədri Alen Simonyan deyib.
O bildirib ki, rəsmi Moskvanın proseslərdə müəyyən rolu var və bunu danmaq olmaz: “Çünki bölgədə Rusiya sülhməramlıları var. Buna baxmayaraq, Rusiyanın reaksiyaları lazım olduğundan daha emosionaldır”.
A.Simonyan hesab edir ki, Rusiya tərəfinin reaksiyası daha sakit və təmkinli olmalıdır: “Moskva durumu başa düşməlidir. Ermənistanın öz maraqları var. Bu maraqlar kiminsə istəklərindən asılı olmayaraq, həyata keçirilməlidir”.

Məsələni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Kənan Novruzov söyləyib ki, son zamanlarda Rusiya və Ermənistan arasında sərt küləklər əsir:
"Bunun əsas səbəbi isə İrəvanın Moskvadan uzaqlaşmaq cəhdləridir. Yəni Paşinyan hakimiyyəti Kremldən uzaqlaşmağa və asılılığını minimuma endirməyə çalışır. Xüsusən Avropa İttifaqı missiyasının Ermənistana yerləşməsi şimal qonşumuzun ürəyincə deyil. Ermənistan tərəfinin missiyaya icazə verməsi isə iki ölkə arasındakı soyuq küləklərin şidətlənməsinə gətirib çıxarır. Simonyanın bu açıqlaması İrəvanın Moskvadan uzaqlaşmaq yolunda irəlilədiyini göstərir. 

Əslində misiyanın Ermənistana getməsinə Rusiyanın qarışması düzgün deyil. Ona görə ki, məsələ Ermənistanın, Aİ-nin və Azərbaycanın ixtiyarındadır. Düzdür bu missiya bizim də ürəyimizcə deyil və rəsmi Bakının mövqeyi sözügedən missiyadan istifadə olunmamasıdır. Bu digər bütün hallarda bizim üçün məqbul hesab olunmur:

Analitik qeyd edib ki, rəsmi İrəvandan yenə də belə açıqlamaların veriləcəyini gözləyir:

"Düşünürəm ki, yaxın günlərdə Rusiya nümayəndələri Simonyanın açıqlamasına münasibət bildirəcəklər. Ümumiyyətlə proseslər göstərir ki, İrəvanın Moskvadan uzaqlaşma meyilləri artıb. Belə davam edərsə Rusiya və Ermənistan arasındakı münasibətlər "fırtınaya" da çevrilə bilər. Bu isə bizim maraqlarımıza uyğundur. Ermənistanın Rusiya və Aİ məngənəsində sıxılması onun manevr imkanlarını azaldır".