Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında məlumat verib.
Daha sonra Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Prezident İlham Əliyev bildirib ki, bu səfər ötən il fevralın 22-də Moskvada iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin birinci ildönümünə həsr edilib:
“Əlbəttə, bugün biz regional təhlükəsizliklə bağlı məsələlər haqqında da danışacağıq. Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq.”
Onun sözlərinə görə, ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub:
“Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir.”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində söyləyib ki, iki ölkənin iqtisadi əməkdaşlığının göstəricisi olan əmtəə dövriyyəsi rekord səviyyələrə çatır və bu, son hədd deyil:
“Çünki siz prezident Putinlə təkcə ikitərəfli deyil, həm də regional və hətta qlobal xarakter daşıyacaq bir neçə meqalayihənin hazırlanmasını müzakirə etmisiniz.”
O qeyd ki, regional təhlükəsizlik onların həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərində olduqca aktual mövzu kimi qalır.
Onun dediyinə görə, “beynəlxalq həmkarların çoxu, o cümlədən bu regiondan uzaqda yerləşənlər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması yolunda irəliləyişə şərait yaratmağa böyük maraq göstərirlər”:
“Prezident Putinin dəfələrlə dediyi kimi, biz vəziyyətin sabitləşməsi, bu regionda yerləşən bütün ölkələrin normal, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında öz ölkələrinin, xalqlarının mənafeləri naminə əməkdaşlıq etmək imkanları olması üçün şərait yaradılmasına yönəlmiş bütün səyləri alqışlayırıq”.
HəmçininAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında geniştərkibli görüş keçirilib.
Nazirlər dövlətlər arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də aktual regional məsələləri müzakirə ediblər.
Səfəri "Sherg.az"a dəyərləndirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Lavrovun Bakıya gəlişi planlaşdırılmış hadisə idi:
"Rusiya tərəfi bu səfəri Ermənistana və Paşinyan hakimiyyətinə mesajlar göndərmək üçün məharətlə istifadə edir. Azərbaycan bu gün Qafqazda Kremlin ən sadiq müttəfiqi vəziyyətindədir. Çünki bu sadiqlik nə Gürcüstandan, nə də Ermənistandan görülür. Rəsmi İrəvan Avropalı müşahidəçiləri Azərbaycanla sərhəddinə gətirərək, Rusiyaya meydan oxumağa çalışır. Yəni Avropanı Qafqazın yeni sahibi etməyi planlaşdırır. Rusiya da buna qarşı çıxmaq üçün müəyyən fəaliyyətlər aparır. Bu fəaliyyətlərin diplomatik metodları isə Lavrovun Bakıda verdiyi açıqlamalar idi. Rusiyalı nazir həm Cənab Prezidentlə, həm də azərbaycanlı həmkarı ilə görüşdə çox gözəl açıqlamalar verdi. Bunlardan başlıcası Rusiya və Azərbaycan arasında meqa layihələrin həyata keçirilməsidir və Heydər Əliyev ilinin Rusiyada da qeyd edilməsidir. O görüşdə vurğuladı ki, biz də azərbaycanlılar kimi Heydər Əliyev ilini qey edəcəyik. Bu isə çox önəmli məqamdır”.
Analitikin sözlərinə görə, Lavrovun açıqlamalarında Paşinyan hakimiyyətinə də mesajlar verilib:
“Zənnimcə, bu diplomatik addımlardan sonra əgər Ermənistan əvvəlki siyasətinə davam etsə, Rusiya ona qarşı ciddi fəaliyyətlərə başlayacaq. Burda ən önəmli məsələ isə Zəngəzur dəhlizinin açılması və Ermənistan tərəfini Azərbaycanın şərtlərinə uyğun sülhə məcbur etməkdir. Digər tərəfdən Lavrovun səfərinin Ermənilərin 28 fevralda Sumqayıtda törətdiyi qətlin il dönümü ilə üst-üstə düşməsi, bütün hadisələrin erməni əsilli Qriqoryan tərəfindən törədildiyini Rusiyanın unutmadığını və bu Ermənistana ittiham olaraq geri qayıda bilər deməkdir. Artıq 35 ildir, ermənilər Azərbaycanı Sumqayıt hadisələrində günahlandırır. Amma bundan sonrakı dönəmdə Rusiya torpaqlarında yaşayan Edvard Qriqoryanı üzə çıxardaraq Sumqayıt hadisələrinin ermənilər tərəfindən törədildiyini gün üzünə çıxarda bilər. Bu Kremlin əlində Ermənistana qarşı bir “kozırdır”.