Lavrovun Bakı səfəri! - Rusiyanın sülh planı var? – AKTUAL

"Verilən bəyanatlar onu göstərdi ki, sülh planı Kremlin dərhal Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını özündə əks etdirir”

"Lavrovun Bakı səfərini itirilən Ermənistan fonunda Azərbaycanla mövqelərini dəqiqləşdirmək, sanksiyalar konteksinda şimal, cənub nəqliyyat dəhlizinin açılmasına nail olmaq, sülh müqaviləsi mövzusunda Qərbin deyil, Rusiyanın prioritetlərini əsas götürmək, Ermənistanı meydanda təkləmək və digər detalların müzakirəsi kimi xarakterizə etmək olar".

Bunu "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.

O söyləyib ki, indiki vəziyyətdə Rusiyanın sülh planı adlı bir yanaşmanın var olduğunu hesab edir:

"Verilən bəyanatlar onu göstərdi ki, sülh planı Kremlin dərhal Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını özündə əks etdirir. Bunun da müqabilində isə Cənubi Qafqazda zəifləyən mövqeyini qorumağa çalışdı. Digər tərəfdən dünyada artıq yeni bir dizayn var. Bu gün Əliyevin Avropadakı son görüşdən sonra Rusiyaya "Azərbaycanı qane etməyən bəzi şərtlər olub və bunun qiymətləndirilməsinə münasibət bildirmək lazımdır" deməsi və rəsmi Moskvanın qarşısına Azərbaycan bayrağı Qarabağda dalğalanmalıdır  şərtini  qoyması iki məsələyə ciddi təsir göstərdi. Birincisi, Vardanyan "vəzifəsindən" azad edildi. İkincisi isə bu gün başlayan erməni icması və Azərbaycan tərəfi arasında baş tutan dialoq oldu. Əminəm ki, ekoloji aksiyaların nəticəsi olaraq bölgədəki yolun idarəsi məsələsi yaxın günlərdə öz əksini tapacaq".

Qeyd edək ki Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fevralın 27-də Azərbaycana səfərə gəlib. Eyni gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib. 
Həmçinin dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Lavrov arasında geniştərkibli görüş keçirilib.
Nazirlər dövlətlər arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də aktual regional məsələləri müzakirə ediblər.