“Danışıqların əvvəlindən Ermənistan sülh müqaviləsinin imzalanmasına daim mane olurdu”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
C.Bayramov qeyd edib ki, o, rusiyalı həmkarını sülh müqaviləsinin imzalanması məsələsində Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirməsi barədə məlumatlandırıb.
Ceyhun Bayramovun mesajının ikili xarakter daşıdığını deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, Ermənistanın əvvəldən etibarən danışıqları pozması ittihamı haqlıdır:
"Amma burada Bayramov həm də Lavrova söz vurur. Nazir açıq şəkildə bildirir ki, Ermənistan danışıqlardan yayınır, ancaq moderatorluğu üzərinə götürən Rusiya da onları sülhə məcbur etmir. Əlbəttə ki, mətbuat konfransında Rusiyanın ünvanına birbaşa ittihamlar səsləndirmək doğru olmazdı.
Ona görə də dolayı yol ilə Ermənistan üzərindən həm də rəsmi Moskva sülh proseslərini ləngitməkdə günahlandırılır. Eyni zamanda Azərbaycan XİN-nin bununla bağlı Rusiyanı məlumatlandırdığını bəyan etməsi də çox maraqlıdır.
Əslində bu bəyanatın altında, Rusiya ya söz verdiyi kimi Ermənistanı sülhə məcbur edəcək, ya da biz məcbur olub digər platformalara isti baxacağıq mesajı yatır. Çünki bizim üçün əsas məsələ münaqişənin həll edilməsidir.
Eyni zamanda Lavrovun bu məsələdə açıq şəkildə Bakını dəstəkləməməsi də bir az qəribədir. Ona görə ki, Kremldə Aİ-nin missiyasına görə İrəvana qarşı anti-erməni əhval-ruhiyyəsi var. Azərbaycan da bu missiyanın ona xəbərdarlıq edilmədən uzadılmasının əleyhinədir.
Bu səbəblə də biz Lavrovdan Azərbaycanı dəstəkləyən və Ermənistanın əleyhinə olan daha açıq bir movqe gözləyirdik. Ümumiyyətlə, rusiyalı nazirin Azərbaycanın haqlı iradlarını qəbul etməsi və təsdiqləməsi, rəsmi Moskvanın bizə hansısa güzəşt edəcəyi mənasına gəlmir.
Bizə ən böyük dəstək Azərbaycanın Laçın yolundakı mövqeyinin Rusiya tərəfindən qəbul edilməsi olardı. Təəssüflər olsun ki, biz bu dəstəyi görmürük. Ermənistan tərəfi isə açıq şəkildə Rusiyadan fərqli moderatorların olmasını istəyir. Yəni Aİ-nin məsələyə nəzarəti rəsmi İrəvan üçün daha maraqlıdır".