İran anlasın! - “Qafqazda Bakısız məsələ həll edilməz” - Tarixin təkəri geri çevrilmir!

“Rəsmi Tehran isə bunu qəbul etmək istəmir”

“Onlar hesab edirlər ki, Qafqazda Sovet dövründən qalan prioritetlər hələ də qalmaqdadır”


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfəri ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüş zamanı, Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşünün gündəliyi üzrə işlər, eləcə də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə xain terror hücumundan irəli gələn məsələlər müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycan Respublikasının İrandakı səfirliyinə edilən xain hücumunu törədənin, təşkilatçı və sifarişçilərinin müəyyən edilməsi və onların müvafiq şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib.

Nazir terror hücumunun təfərrüatlarının və video çəkilişlərin tərəfimizdən incələndiyini, bu istiqamətdə istintaqın davam etdiyini, Azərbaycan tərəfində terrorla bağlı bir sıra mövcud sualların İran tərəfindən cavablandırılmasının zəruri olduğunu vurğulayıb.

Məsələni "Sherg.az"a dəyərləndirən tanınmış jurnalist Xəqani Səfəroğlu söyləyib ki, Azərbaycan tərəfi İrana dəfələrlə terrakt da “əli” olan qüvvələrin tapılaraq cəzəlandırılması üçün müraciət edib:

"Ceyhun Bayramovun İran Xarici İşlər nazirinin müavini ilə dünənki görüşündə də Azərbaycan tərəfinin mövqeyi onlara yenidən çatdırdı. Buradakı əsas mesaj  rəsmi Bakının Tehrandan lazımi addımların atılmasını gözləməsidir. Yəni Azərbaycan iki dövlət arasındakı münasibətlərin pisləşməsini istəyən qüvvələrin aydınlaşdırılmasında maraqlıdır. Digər tərəfdən səfirliyimizə olan hücum cənub qonşumuzun diplomatik imicinə ciddi zərər vurdu. Hətta böyük dövlətlər tərəfindən onların ərazisində yerləşən diplomatik korpusu qorumayaraq beynəlxalq konvensiyanın tələblərini pozması barəsində də ittihamlar səsləndi".

Jurnalist qeyd edib ki, Azərbaycan səfirliyimizə olan hücumun araşdırılmasını, iki dövlət arasındakı əlaqələr üçün qırmızı xətt hesab edir:

"Yəni rəsmi Bakı bildirir ki, bu məsələ həll olunmadıqca, İranla əməkdaşlığın perspektivi görünmür. Hadisənin bu qədər mürəkkəbləşməsi isə cənub qonşumuzdan qaynaqlanır. Onların regionla bağlı yürütdüyü siyasət Azərbaycanın maraqlarına ziddir və bu zaman-zaman özünü müxtəlif indikatorlarla göstərir. İran-Ermənistan münasibətlərinin son vaxtlarda aktivliyi, onların lüzumsuz hədə-qorxu cəhdləri və Zəngəzur dəhlizi ilə açıqlamaları cənub qonşumuzun 44 günlük savaşdan sonra Azərbaycan tərəfindən yaradılan yeni reallığı qəbul etmək istəmədiyini göstərir. Lakin bu əbəs bir müqavimətdir. 

Çünki Vətən müharibəsindən sonra Azərbaycan regiondakı geopolitik proseslərin avanqard dövlətinə çevrilib. Yəni artıq Qafqazda rəsmi Bakısız heç bir məsələ həll edilə bilməz. Rəsmi Tehran isə bunu qəbul etmək istəmir. Onlar hesab edirlər ki, Qafqazda Sovet dövründən qalan prioritetlər hələ də qalmaqdadır. Ancaq tarixin təkərini geri çevirmək olmaz".

X.Səfəroğlunun sözlərinə görə, Azərbaycanın səfirliyimizə hücumla bağlı, İrandan tələbləri haqlı və beynəlxalq hüquq çərçivəsindədir:

"Cənub qonşumuzun özünü eşitməzliyə vurması və media üzərindən Azərbaycana təzyiq göstərməsi effektsizdir. Bu daha çox Tehranın əleyhinə işləyir. Çünki Azərbaycan səfirliyinə olunan hücumun videogörüntüləri göstərir ki, bu bilərəkdən törədilən bir hadisədir və onun qarşısının alınmamasının məsuliyyətini İran daşıyır. 

Amma görünən odur ki, rejiminin hələ də verilən suallara cavab vermək iqtidarı yoxdur. Ümumiyyətlə, onların gözləmə mövqeyi prosesi yoxuşa çəkir".