Blinken Azərbaycana heç bir təzyiq edə bilməz!  - Partiya sədri

“ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstək göstərir”.

Bunu ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı deyib.
Antoni Blinken ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.

Həmçinin telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
ABŞ-in 44 günlük müharibədən sonra Azərbaycana qarşı sərt və aqressiv mövqe ortaya qoyduğunu deyən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev "Sherg.az"a vurğulayıb ki, indi  rəsmi Vaşinqtonun sülh müqaviləsinin imzalanması və münaqişənin həll edilməsi ilə bağlı dediyi fikirlərin əksəriyyəti bizim maraqlarımıza uyğundur:

"Yəni Ağ ev problemin vasitəçilərsiz həll edilməsini deyir. Həmçinin əvvəllər Qarabağın kimin ərazisi olması ilə bağlı sərgilədiyi şübhəli addımlardan fərqli olaraq, artıq Qarabağın Azərbaycanın ərazisi olduğunu tanıyır. Eyni zamanda keçmişdə İrəvanda yerləşən ABŞ səfiri Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşırdı. Yeni səfir isə Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərini söyləyir".

E.Musayevin sözlərinə görə, ABŞ-nin  başqa bir istəyi də, rus sülhməramlılarının ərazilərimizdən çıxarılmasıdır:

"Bu də bizim maraqlarımızla üst-üstə düşür. Ona görə də Blinkenin İlham Əliyevə zəng etməsi təəccüblü deyil və o heç bir təzyiq edə bilməz. Sadəcə protokol xatirinə müəyyən müzakirələr aparılır. Görünür bu da ermənilərin başını sığallamaq üçündür. Əslində indiki dövrdə rəsmi Vaşinqton özü İrəvana sülh müqaviləsinin imzalanması üçün təzyiqlər edir. Ümumiyyətlə Azərbaycan elə zəif mövqedə deyil ki, kimsə ona zəng edib sərhədləri açdırsın. Hər zaman ölkə başçısı da kənardan olan zənglərə layiqli cavabını verir. Hətta son zamanlarda Xarici İşlər nazirinin də bəyanatları çox dişlidir. Biz də milli demokrat düşərgəni təmsil edən siyasətçilər olaraq mövqeyimizi ortaya qoyuruq".