Roma Papası Fransisk bazar günü Vatikanda həftəlik çıxışı zamanı “Taxıl sazişi”ni bərpa etməyə çağırıb.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Onun sözlərinə görə, “Taxıl sazişi”nin müddətinin uzadılması milyonlarla ac insanı xilas etməyə kömək edəcək:
“Mən qardaşlarım Rusiyanı taxılın təhlükəsiz daşınmasına imkan verəcək Qara Dəniz Taxıl Təşəbbüsünü yenidən işə salmağa çağırıram” - deyə, Papa bildirib.
Ukrayna-Rusiya müharibəsində sülhməramlı rolunu üzərinə götürmək istəyən bir neçə tərəfin olduğunu söyləyən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, Vatikan da bu güclərdən biridir:
"Ümumiyyətlə Çin Türkiyə və Vatikan münaqişənin həlli uğrunda mübarizə aparan qüvvələrdəndir. Bu həmçinin atəşkəsin kimin meydanında imzalanacağı ilə bağlı bir yarışdır. Vatikan da taxıl sazişi daxil olmaqla Ukrayna və Rusiya arasındakı məsələlərin həllində iştirak etmək istəyir. Amma Papanın iki ölkəyə də ciddi təsir edə biləcəyini düşünmürəm. Çünki Vatikan katolikliyin mərkəzidir. Ukrayna və Rusiya əhalisinin böyük hissəsi isə pravoslavdır. Düzdür bəzi ekspertlər deyir ki, din siyasətə təsir göstərmir. Ancaq bu, belə deyil. Dinin siyasətə ciddi təsiri var. Lakin yuxarıda da qeyd etdiyim kimi, Vatikan katolikliyin mərkəzi olduğu üçün hər iki ölkədə elə də ciddi təsir gücünə malik deyil. Ümumiyyətlə taxıl sazişinin gələcəyinin necə olacağı Putinin Türkiyə səfərindən sonra məlum olacaq".
Qeyd edək ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin hökumətlə görüşdə Moskvanın “Taxıl sazişi”nə qarşı olmadığını və Rusiya tərəfinin irəli sürdüyü bütün əsas şərtlər yerinə yetirilən kimi ona qayıtmağa hazır olduğunu bildirib.