Ukrayna Prezidenti sadəcə sülh formu, 10 bənddən ibarət plan təklif edir
Ukrayna Prezidenti Volodimir Zelenski, “hələ də sülh mümkündür, üçüncü dünya müharibəsinin qarşısını ala bilərik” deyib.
Onun sözlərinə görə, nə qədər ki, dünya xalqları həmrəylik göstərir, bu, mümkündür.
V.Zelenski əlavə edib ki, müharibə başa çatanadək Ukraynaya dəstək lazımdır: “Nə qədər ki, savaş davam edir, bizə ayırılan yardım kifayət olmayacaq. Bu müharibə başa çatdıqdan sonra biz ölkəmizin bərpası, insanların tibbi və psixoloji reabilitasiyası ilə məşğul olacağıq”.
Dövlət başçısı söyləyib ki, indi Kiyevin qalib gəlməsi çox vacibdir: “Ukraynanın qələbə qazanması bizim dünya və Avropa dəyərlərini qorumağımız deməkdir”.
Prezident bildirib ki, Ukraynaya ən çox kömək edən dövlət ABŞ-dır.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Zelenskinin fikirlərini dəyərləndirən tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Prezidentin mövqeyini Ukraynada baş verən proseslərdən ayırmaq olmaz. O bildirib ki, Zelenskinin açıqlaması Ukraynada baş verən proseslərin məntiqi sonluqla başa çatmasına yönəlib:
"Burada söhbət sadəcə sülh müqaviləsindən gedə bilməz. Çünki indiki şəraitdə rəsmi Kiyevin sülh müqaviləsi imzalaması, onun faktiki olaraq məğlubiyyətini etiraf etməsi sayıla bilər. Yəni Ukraynanın ərazisinin təxminən 21.2 faizi Rusiya işğalındadır və onlar indiki şəraitdə situasiyanı dəyişmədən sülhə getməsi, faktiki olaraq 2014-cü ildəki Minsk danışıqlarının təkrar olunması deməkdir. Ümumiyyətlə Zelenski sadəcə sülh formunu təklif edib. Məsələ ondadır ki, BMT-nin Baş Assambleyasında danışıqlar gedəndən sonra, Ukrayna Prezidenti 10 bənddən ibarət plan təklif etdi. Planda deyilir:
Birincisi rus qoşunları hazırda nəzarət etdiyi ərazilərin hamısından qeyri-şərtsiz çıxarılmalıdır. Yəni Rusiya 1991-ci il sərhədlərinə qayıtmalıdır. İkincisi rəsmi Moskva əlində olan ukraynalı hərbi əsrləri və deportasiya edilmiş vətəndaşları geri qaytarmalıdır. Onların arasında da təxminən 28 min həddi buluğa çatmamış şəxs və 12 min uşaq var. Bundan başqa Rusiya Ukraynanın enerji və ərzaq təhlükəsizliyini təmin etməlidir. Yəni dağıtdığı enerji stansiyaları təmir etməli və dağıtdığı ərazilərin dəyərində təzminat ödəməlidir. Həmçinin hərbi əməliyyatlar başa çatandan sonra Kreml saziş imzamalıdır ki, bundan sonra heç zaman Ukraynaya hücum etməyəcək. Növbəti bəndə Zelenski təklif edib ki, Rusiya işğal olunmuş ərazilərdə, xüsusən Zaparoje atom elektrik stansiyası boyunca təhlükəsizlik zolaqları yaratmağa kömək etməlidir".
Analitikin sözlərinə görə, bu plan Səudiyyə Ərəbistanının təklifi və 31 dövlətin iştirakı ilə Əl-riyad da keçiriləcək görüşdə müzakirə olunacaq:
"Bu görüşə 31 ölkə dəvət alsa da, təxminən 22-23-nün iştirakı gözlənilir. Nyu-Yorkda izə Zelenski sadəcə BMT-nin baş assambleyasında olmayacaq. O bir həftə ərzində BMT-də bir çox sessiyalara qatılacaq. Ona görə də Zelenskinin sülh təklifini Ukraynanın geri addım atması kimi təqdim etmək yalnışdır. Digər tərəfdən isə Putin BMT-nin əvvəlki toplantılardan fərqli olaraq iştirak etməyəcək. Düzdür bununla bağlı dəqiq məlumat yoxdur. Amma unutmamalıyıq ki, Rusiya Prezidentinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin qərarı var və o ABŞ-yə ayaq basan kimi həbs olunmalıdır. Ümumiyyətlə plan yeni deyil. Hələ 2022-ci ilin noyabırında bunun ilkin versiyası təqdim edilmişdi. Ancaq Kreml bunu qəbul etməmişdi. Ona görə də əminəm ki, bu formatda olan yeni plan də qəbul edilməyəcək".