Fransa Prezidenti Emmanuel Makron növbəti 7 ildə ölkənin müdafiə büdcəsinin rekord dərəcədə artırılmasını nəzərdə tutan “hərbi proqramlaşdırma” qanununu imzalayıb.
Bu barədə Fransa Müdafiə Nazirliyinin “Twitter“ hesabında məlumat verilib.
Hazırda Fransa Silahlı Qüvvələrinə ayrılan büdcə 295 milyard avrodur.
2030-cu ilədək infrastruktur və digər təminatlara çəkilən xərclər də daxil olmaqla, ümumi büdcə 454 milyard dollardan çox olacaq.
Avropa ittifaqının hərbi təşkilata çevrilməsinə böyük ehtiyac olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, bu NATO çətiri altında olmamalıdır:
"Çünki Avropa Çin ilə Rusiya arasında sıxışmış bölgəyə çevrilir. Xüsusən də, onun təhlükəsizlik sisteminin ABŞ-nin əlində olması maraqlarına ziddir. Bu, həm Fransanın, həm də Almaniyanın arzu etmədiyi bir prosedurdur. Bu mənada həm fərdi dövlət, həm də birlik kimi yeni hərbi strukturların inşa olunmasında maraqlıdırlar. Digər tərəfdən tək Fransanı götürsək, deyə bilərik ki, Afrikada kəskin mübarizə gedir. Yəni Rusiyanın və onun müttəfiqi Çinin Afrikaya yerləşməsi, Avropanın ənənəvi müstəmləkə siyasətinə böyük zərbədir. Bu isə gələcəkdə ciddi qarşıdurmalar yarada bilər. Fransa və Avropa da indidən hazırlıq görür".
Qeyd edək ki, Avropa ölkələri son zamanlarda hərbi gücünü artırmağa çalışır.