İran Əfqanıstana "böyük qardaşlıq" etmək istəyir  -  RƏY

Əfqanıstanda “İmam Xomeyni İmdad Komitəsi” adı ilə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatın bütün ofisləri qapadılıb. Bu barədə Əfqanıstan mətbuatı xəbər verib.
Qeyd olunur ki, ötən gün “Taliban” nümayəndələri təşkilatın Kabil, Herat və Məzari-Şərifdə olan ofislərini möhürləyiblər.
Hələlik “Taliban” rəhbərliyi humanitar təşkilatın fəaliyyətinə qoyulan qadağanın səbəbləri barədə məlumat verməyib.
Məsələyə münasibət bildirən politoloq Sədrəddin Soltan "Sherg.az"a vurğulayıb ki, İran Əfqanıstana böyük qardaşlıq etmək istəyirdi:
"O hesab edirdi ki, Əfqanıstan da İran kimi fars dilli ölkədir və birlikdə regionda aparıcı qüvvə ola bilərlər. Bu səbəblə də rejim Əfqanıstana daha çox diqqət ayırırdı. Hətta gələn qaçqınları ölkədə qəbul edirdi. İmam Xomeyni adına beynəlxalq xeyriyyə cəmiyyəti də bir növ Tehrana bağlı qüvvələrin şəbəkləşməsinə xidmət edir. Yəni bu xətt vasitəsilə sosial cəhətdən yoxsul vəziyyətdə olan insanlara müxtəlif formalarda maliyyə yardımları edilir və onlar İrana dəvət olunur. Digər tərəfdən vaxtilə Azərbaycanda da bu cəmiyyət fəaliyyət göstərirdi. Sonra isə həmin cəmiyyətin fəaliyyəti bizdə qadağan edildi. Çünki sözügedən təşkilat adına və mandatına uyğun olmayan başqa işlərlə də məşğul olurdu. Ehtimal etmək olar ki, Əfqanıstanda da "Taliban" Xomeyni cəmiyyətinin mandatına uyğun olmayan işlər gördüyünü aşkarlayıb. Bu İranyönümlü "beşinci kolon"un yaradılması məsələsidir. Başqa sözlə desək,  cəmiyyətin İran kəşfiyyatının tərkib hissəsi olması ehtimalı var. 
Analitik əlavə edib ki, "Taliban" hökuməti Xomeyni cəmiyyətinin ölkənin daxili işlərinə müdaxiləsini sezdiyi üçün, onun fəaliyyətini ölkədə qadağan edib:
"Belə hadisələr iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmur. Fikrimcə, "Taliban"  hökuməti ilə İran arasındakı münasibətlərin gərginləşməsi cəmiyyətin bağlanmasından asılı deyil. Çünki bu olmasa belə, onlar arasındakı vəziyyət gərgindir. İlk növbədə deyə bilərik ki, İran "Taliban" hökumətini  tanımır. Ona görə Taliban cəmiyyəti bağlayaraq Tehran həkimiyyətinə təzyiq edir. Digər tərəfdən iki hakimiyyət arasında su problemi var və indiyədək  həll edilməyib. Həmçinin İran hakimiyyəti Əfqanıstanda məzhəblərarası məsələni qızışdıra bilər. Ümumiyyətlə, "Taliban" və rejim arasında münasibətlərin tezliklə normallaşacağını düşünmürəm. Çünki hər ikisi islam əsasında ölkəni idarə etdiyini iddia edir və tərəflər arasında idealoji ziddiyyət mövcuddur".