Kreml bu qətnaməyə qarşı çıxacaq  - ŞƏRH

Bu gün BMT Təhlükəsizlik Şurası Laçın yolu ilə bağlı vəziyyətin müzakirəsi məqsədilə iclas keçirəcək.

Sual yaranır ki, bəs bu dinləmdə qəbul oluna biləcək qətnaməni Rusiya tərəfi necə qəbul edəcək. Çünki qətnamənin qəbul edilməsi BMT-nin missiyasının bölgəyə gəlməsi ilə yekunlaşa bilər. Bu isə rus sülməramlılarının bölgəni tərk etməsi deməkdir. Rəsmi Moskvanın buna nə reaksiya verməsi isə hələ də maraqla gözlənilir.

Məsələni "Sherg.az"a şərh edən politoloq Fərhad Məmmədov söyləyib ki, son 25 il ərzində Ermənistanın uğuru Rusiya və Qərbin bir-biri ilə uzlaşmasından ibarət idi:

"Amma Ukrayna müharibəsindən sonra ciddi problemler yarandı. Ermənistanın BMT Təhlükəsizlik Şurasına verdiyi sorğuda Rusiya və rus sülhməramlıları haqqında heç bir məlumat qeyd edilməyib. Digər tərəfdən Lavrov və Bayramov arasında olan dünənki telefon danışığından sonra  Rusiya tərəfindən yayılan press-relizinin sonuncu cümləsinə diqqət yetirmək lazımdır.  Fikir versək, görərik ki, orada hər iki tərəf, məsul tərəfin siyasi təxribat tədbirlərinin əleyhinə çıxırlar. Burda siyasi təxribat tədbirləri dedikdə isə çox güman ki, BMT-nin bugünkü iclasındakı dinləmələr nəzərdə tutulur. Ümumiyyətlə Ermənistanın təqdim etdiyi sənəddə Rusiyanın adını çəkməməsi, Kremlin bu qətnaməyə qarşı çıxacağı deməkdir".

Qeyd edək ki, dinləmə bu gün  baş tutacaq.

Xatırladaq ki, iclasda Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edəcəklər.