ABŞ “Taxıl sazişi”nin uğursuzluğundan sonra Ukraynadan taxıl ixracını təmin etmək üçün müxtəlif variantları, o cümlədən gəmiləri qorumaq üçün hərbi yolu nəzərdən keçirir.
Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadla xəbər verib.
Materialda bildirilir ki, ABŞ Türkiyə, Ukrayna və onun qonşuları ilə Ukrayna taxılının ixracı üçün alternativ marşrutların genişləndirilməsini müzakirə edir. Vaşinqtonun dəstəklədiyi plan Ukraynanın oktyabr ayına qədər Dunay vasitəsilə ayda dörd milyon ton taxıl ixrac edə bilməsini nəzərdə tutur. Taxılın əhəmiyyətli bir hissəsi çay, sonra Qara dəniz vasitəsilə yaxınlıqdakı Rumıniya limanlarına göndəriləcək, sonra isə digər istiqamətlərə daşınacaq.
O da vurğulanır ki, bu marşrut namünasib və daha bahalı olsa da, Qara dəniz dəhlizinə alternativ ola bilər.
“Vaşinqton rəsmisi bildirib ki, Birləşmiş Ştatlar Dunaydakı Ukrayna limanlarına gedən və çıxan gəmiləri qorumaq üçün hərbi həll yolları da daxil olmaqla bütün potensial variantları nəzərdən keçirir. Lakin bu variantları açıqlamaqdan və ya ptosesfə hansı ölkələrin iştirak edəcəyini söyləməkdən imtina edib”, - deyə məqalədə qeyd edilib.
Ukrayna taxılı əvvəllər “Taxıl sazişi” çərçivəsində Qara dəniz limanlarından ixrac edilirdi, lakin iyulun 17-də Rusiya iştirakla bağlı razılaşdığı şərtlərin yerinə yetirilmədiyini əsas gətirərək, müqaviləni yeniləməyəcəyini açıqlayıb.
"Taxıl sazişi" ilə bağlı Kremlə alternativin düşünülə biləcəyini deyən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a vurğulayıb ki, Qara dəniz tam olaraq Rusiyanın nəzarətində deyil:
"Ümumiyyətlə Qara dənizdə Türkiyə və NATO-ya üzv olan digər Şərqi Avropa dövlətlərinin çıxışı var. ABŞ-də yeni çıxış yolları axtarır. Alternativ tapıldığı an isə bu həyata keçirilə bilər. Çünki Rusiya bu məsələdə heç də əvəzolunmaz dövlət deyil. Düzdür Krımın ilhaqından sonra Qara dənizin Şərq hissəsi şimal qonşumuzun nəzarətinə keçib. Ancaq Odessa portundan Rumıniyaya gedən başqa yollar da var. Sadəcə olaraq düşünürəm ki, "Taxıl sazişi"nin başqa mənası da var. Bu saziş həm də Türkiyənin vasitəçiliyi ilə Rusiya və Qərb arasında danışıqların göstəricisidir. Düşünürəm ki, rəsmi Moskvanın müqavimətinə baxmayaraq Ankaranın təkidi ilə bu məsələ həll yolunu tapacaq".