Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri nəticə verməyəcək- TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 2-də Azərbaycanın suveren ərazisi olan Qarabağın qondarma “Müstəqillik Bəyannaməsi”nin qəbul edilməsi münasibətilə təbrikində qeyd olunan fikirləri həm daxili auditoriyaya hesablanıb, həm də beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinin bir hissəsidir. Çünki bu bəyanat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı növbəti iddiadır. Nikol Pşainyana xatırlatmaq lazımdır ki, Ermənistan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə əsasən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirib. Bu da Ermənistanın ikiüzlü və destruktiv siyasət yeritdiyinin göstəricisidir.

Baş nazir, bir yandan da ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağda normal həyat fəaliyyətini, təhlükəsizliyi və hüquqların müdafiəsini təmin etmək üçün səylərini davam etdirəcəyini deyib. Bu da N.Paşinyanın fikrilərinin bir-biri ilə ziddiyyət təşkil etdiyini deməyə əsas verir. Hətta baş nazir beynəlxalq ictimaiyyəti də gedən proseslərin şahidi adlandırır. Təbii ki, obyektiv yanaşma sərgiləyən təşkilatlar və dövlətlər həqiqətin nədən ibarət olduğunu gözəl anlayır. Belə ki, Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanıldığının, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar həyata keçirildiyinin sübutları istər sənəd üzərində, istərsə də videogörüntülərlə indi də qalmaqdadır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini də buna misal çəkə bilərik. Lakin səlahiyyəti və gücü yetsə də, nə beynəlxalq təşkilatlar, nə də nüfuzlu dövlətlər azərbaycanlı əhalinin öz yurdlarından didərgin salınması və soyqırımına məruz qalması zamanı praktiki olaraq ciddi addımlar atmadı.

Ermənistanın baş naziri, həmçinin həyasızcasına regionda daimi sülhün bərqərar edilməsi məsələsinə də toxunub. O, yəqin ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlarını, 4 minə yaxın soydaşımızın taleyinin naməlum olması faktını unudub, bundan əlavə, Ermənistan hələ də bu barədə məlumat verməkdən boyun qaçırır. İşğaldan azad edilən ərazilərimizin böyük hissəsi ermənilər tərəfindən minalanıb. Qeyd etmək yerinə düşər ki, orada basdırılan minaların da xəritəsini təqdim etməkdən imtina edən dövlət məhz Nikol Paşinyanın baş naziri olduğu ölkədir. 

Nikol Paşinyanın son fikirləri bölgədə növbəti eskalasiya ilə nəticələnə bilər

Baş nazir N.Paşinyan rəsmi olaraq ilk dəfə 2019-cu ildə Qarabağın Ermənistana aid olduğunu deyəndən sonrakı proseslər hər kəsə bəllidir. Bundan əvvəl isə N.Paşinyan hakimiyyətə gələndə Azərbaycandan vaxt istəmişdi ki, iki ölkə arasındakı problemlərin sülhlə həllinə çalışacaq. Əlbəttə, bu, sadəcə, zaman qazanmaq, Ermənistan ordusunu daha da kompleksləşdirmək məqsədi güdən addım idi. Belə də oldu, 2020-ci ildə Ermənistanın artan aqressiv ritorikası əvvəlcə iyul ayında Tovuz döyüşləri, sonra Goranboyda Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribatları ilə sonlandı. Ermənistanın bu təxribatları isə iki tərəf arasındakı gərginliyi daha da artıraraq 2020-ci il sentyabrın 27-də 44 günlük İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynadı. Nəticədə Müzəffər Ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azadlığa qovuşdurdu, Ermənistan ordusunun yenilməz olduğu mifini isə döyüş meydanında məhv etdi.

Müharibə bitdikdən sonra isə məğlub Ermənistan yenidən yalançı sülh təşəbbüsləri ilə çıxış etməyə davam etdi, paralel olaraq, ordu arsenalını gücləndirməyə də başladı. Bu məqsədlə İrandan, Hindistandan pilotsuz uçuş aparatları, raket kompleksləri alaraq revanşa hazırlaşdığını sübuta yetirdi. Eyni zamanda, mütəmadi olaraq müxtəlif məqsədlərlə həm şərti sərhəddə, həm də Qarabağ iqtisadi rayonunda silahlı və diversiya təxribatları törətdi. Bütün bunlar Ermənistanın öz cəsarəti, maliyyəsi hesabına yox, daha çox ona havadarlıq edən nüfuzlu dövlətlərin və beynəlxalq təşkilatların qlobal güc balansını xeyirlərinə dəyişmək məqsədilə həyata keçirildi. Ukrayna müharibəsi nəticəsində Rusiyanın müəyyən qədər zəifləyən mövqeyindən istifadə edən Ermənistan Qərb təsisatlarına daha çox arxalanmaq yolunu seçdi. Biz bunu istər BMT Təhlükəsizlik Şurasının iclaslarında, istərsə də son günlər ölkəmiz əleyhinə reallığı əks etdirməyən və ermənipərəst mövqe sərgiləyən Fransa, ABŞ, Almaniya, Belçika və digər dövlətlərin bəyanatlarında görürük. Həmin dövlətlərin eyni anda ölkəmizə təzyiq göstərməsi qlobal maraqların Ermənistanın xeyrinə toqquşması anlamına gəlir. Bu da Azərbaycan-Ermənistan arasındakı münasibətləri daha da korlayır, nəinki sülh müqaviləsinin imzalanmasını təşviq edir, əksinə bölgədə növbəti eskalasiyaya hazırlıq məqsədi güdür.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bütün mənfi çağırışlara qarşı

 

Bir neçə gün əvvəl Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin və bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakın ölkəmizə gəlməsi, eyni zamanda, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfəri son zamanlar artan informasiya müharibəsi və təzyiqlər fonunda regiona müdaxilə etmək istəyən qüvvələrə də bir mesaj oldu. Hər iki dövlət ictimaiyyətə açıqlanan və gizli saxlanılan praktiki addımlarla bütün mənfi tendensiyaları nəzərdən keçirir, baş verə biləcək çağırışlara hazır olduqlarını nümayiş etdirir. Bundan sonra da Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaradan istənilən addım zərərsizləşdiriləcək. Vətən müharibəsində olduğu kimi, 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinə əsasən qardaş ölkə Türkiyə istər hərbi, istərsə də siyasi sahədə hər zaman Azərbaycanın yanındadır.

Elmir Səftərov 
Siyasi şərhçi