Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə göndərilib.
Ölkə başçısının imzası ilə göndərilən qanun layihəsində Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsindən sonra Azərbaycan, Ermənistan və Rusiya tərəfindən 9 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatda nəzərdə tutulan fəaliyyətlərin icrası davam edir.
Bildirilib ki, Türkiyə regionda sülh və sabitliyin qorunması üçün töhfələr verməyə davam edəcək.
Qanun layihəsində yazılıb ki, Türkiyə Silahlı Qüvvələrinin Birgə Monitorinq Mərkəzindəki fəaliyyəti Türkiyənin regionda konstruktiv rolunun tələbidir.
Türkiyə ordusunun mandatının noyabrın 17-dən etibarən daha bir il uzadılması vurğulanıb. Qanun layihəsinin bu həftə TBMM-də müzakirə olunacağı gözlənilir.
Proseslə bağlı “Sherg.az”a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib ki, Ərdoğanın sözügedən qanun layihəsini parlamentə göndərməsi gözlənilən idi.
Doğrudur, daha Qarabağda Türkiyə hərbçilərinə əvvəlki kimi ehtiyac yoxdur. Çünki onlar ötən illərdə Qarabağdakı xunta rejiminin fəaliyyətini izləyirdilər. Artıq biz bu işi həll etmişik. Terrorçuları torpaqlarımızdan təmizləmişik. Gərginlik ehtimalı minimumdur. Buna baxmayaraq, Türkiyə hərbçilərinin Qarabağdakı mandatlarının daha bir il uzadılması məqsədəuyğundur. Çox güman, TBMM bu qərarı təsdiqləyəcək:
“Əslində Türkiyə hərbçilərinin indi Ermənistan- Azərbaycan şərti sərhədində olması daha yaxşı olardı. Beləliklə, perspektivdə sülh prosesinə xələl gətirə biləcək hərbi təxribatların da qarşısı alınardı. Amma bu, o qədər də asan məsələ deyil.
Türkiyə hərbçilərinin ölkəmizdəki mandatlarının daha bir il uzadılması ilə ilk növbədə bizi istəməyən qüvvələrə mesaj verəcəyik. Göstərəcəyik ki, Ankara nəinki müharibədə, həm də sülh vaxtı yanımızdadır. İkincisi, bu, dolayı yolla olsa da, sülh quruculuğu prosesinə töhfə verəcək. Üçüncüsü, Rusiya sülhməramlılarının hələ bölgədə olduğunu nəzərə alsaq, Türkiyə hərbçilərinin regiondakı mövcudluğu ilə vəziyyət bir növ tənzimlənəcək. Dördüncüsü, bu, hazırda davam edən müttəfiqliyimizin, o cümlədən hərbi əməkdaşlığımızın da ruhuna uyğundur.
Düşünürəm ki, Türkiyə hərbçiləri Rusiya sülhməramlıları bölgəni tam tərk edənə və regional əməkdaşlıq mühiti yaranana qədər burada qalmalıdırlar”.