Həyəcanlı mübarizə: İstanbul kimin olacaq?

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi məlum olub.
 Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın şəhər başçılığına namizədin təqdimat mərasimində çıxışı zamanı deyib.
O, namizədin millət vəkili Murat Kurum olduğunu deyib.
Qeyd edək ki, M.Kurum daha əvvəl ölkənin şəhərsalma və iqlim dəyişikliyi naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri bu ilin mart ayında keçiriləcək.

Murat Kurumun namizəd olması barədə fikirlərini "Sherg.az" la bölüşən Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay  bildirib ki, mart ayının sonunda baş tutacaq bələdiyyə seçkiləri ümumi seçkilər qədər ciddi rəqabət şəraitində keçəcək:
"Müxalifət öncəki seçkilərdə tutduğu yerlərdə yenidən qələbə qazanmaq, üstəlik yeni bölgələrdə zəfər əldə edərək iqtidara qarşı mübarizəsini davam etdirməyə çalışacaq. İqtidar isə, müxalifətin tutduğu əraziləri geri qaytararaq gələcəyə daha ümidlə baxmaq arzusundadır. Bu çərçivədə ən əhəmiyyətli rəqabət və mübarizə sahəsi İstanbul Böyükşəhər Bələdiyyə Başçılığı seçkiləridir". 

H. Oktay İstanbulun bələdiyyə başqanlığından baş nazirliyə və prezidentliyə qədər yüksəlmiş bir siyasətçi kimi Rəcəb Tayyib Ərdoğanın İstanbulun nə demək olduğunu ən yaxşı bilən adam olduğunu vurğulayıb:
"Bu yerli seçkilərdə hakimiyyət CHP-nin tutduğu yerləri ələ keçirmək üçün bütün gücünü işə salacaq və nəticələr istədiyi kimi getsə, bunu etimadın təzələnməsi kimi qiymətləndirəcək. Əgər müxalifət uğur qazanarsa, iqtidar üçün psixoloji cəhətdən ağır günlər yaşanacaq. Murat Kurum hazırda millət vəkilidir. Seçiləcəyi təqdirdə mandatı itiriləcək. Bu isə hökumətin zəifləməsinə səbəb olacaq. Ona görə də qalib gəlmək üçün var gücü ilə çalışacaq. Amma zəfər onun üçün çətin görünür. Hazırda Əkrəm İmamoğlunun qalib gəlmə şansı daha çoxdur. Murat Kurum zəlzələ və şəhər çevrilməsi ilə bağlı təbliğat aparacaq. Lakin R.T. Ərdoğan 1993-cü ildən Əkrəm İmamoğlunun seçildiyi günə qədər 30 ildir İstanbulu idarə edir. Əkrəm  seçilib Ərdoğan prezident olsa da, problemlər günü-gündən həll olunmaz hala gəlib. Bundan sonra M.Qurum seçilsə belə, görüləsi işin çox olmadığı deyilir. İstanbul seçkiləri yerli hakimiyyət seçkilərindən çox müxalifətin iqtidara qarşı uğuru kimi qiymətləndiriləcəyi üçün mübarizə çox həyəcanlı olacaq".