Türkiyədə qadını qaynar su ilə yandırıb boğaraq öldürən şəxs saxlanılıb

Türkiyənin Antalya şəhərində 49 yaşlı Canan Yıldırımı boğaraq öldürməkdə şübhəli bilinən 27 yaşlı Talha Torbalı saxlanılıb. O, hadisədən sonra Konyaya qaçaraq polisə təslim olub.

Sherg.az xəbər verir ki, bu barədə “Demirören” xəbər agentliyi məlumat yayıb.

Hadisə Antalyanın Kepez rayonunda baş verib. Birgə yaşadığı Canan Yıldırımla qısqanclıq zəminində mübahisə edən Torbalının qadını əvvəlcə döydüyü, üzərinə qaynar su tökdüyü, daha sonra isə yataqda boğaraq öldürdüyü bildirilir.

Şübhəli hadisədən sonra avtobusla Konyaya gedərək hüquq-mühafizə orqanlarına təslim olub. O, ifadəsində qadını öldürdüyünü etiraf edib.

Polis əməkdaşları evə gələrkən Canan Yıldırımın meyitini aşkar ediblər. Meyit yarılma müayinəsi üçün Antalya Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb.

Məlumata görə, Torbalı cinayətdən sonra qadının bank hesabında olan 17 min Türkiyə lirəsini öz hesabına köçürərək evdən ayrılıb. Antalyaya gətirilən şübhəli tibbi müayinədən sonra məhkəməyə göndərilib.