Politoloq: Fransa-Ermənistan münasibətləri Azərbaycan dövləti tərəfindən diqqətlə izlənir

Qarşı tərəfə ciddi xəbərdarlıq edilib   


“Makron “tarixi qərarlar” kimi populist çıxışlarla ermənilərin simpatiyasını qazanmağa çalışır”


  Fransa Prezidenti Emannuel Makron Silahlı Qüvvələr qarşısında çıxışı zamanı rəsmi Parisin Ermənistanla bağlı tarixi qərarlar verdiyini bəyan edib. 
 Ermənistanın Fransanın diqqət mərkəzində olduğunu vurğulayan Makron mövqelərini  gücləndirmək  üçün atılan addımlara da toxunub. 
Fransa liderinin bu cümləsi Ermənistanda geniş müzakirələrə səbəb olub.
  Ermənistan üçün “mövqeyinin möhkəmlənməsinin” və “tarixi qərarların” müsbət nəticələrinin görünmədiyini vurğulayan erməni analitik Ruben Marqaryan deyib ki, Fransanın 2020-ci ildə müharibəni dayandırmaq cəhdləri nəticə vermədi. Müharibədən sonrakı cəhdləri də bir nəticə vermədi: “Emmanuel Makron Ermənistanda “mövqeyi gücləndirmək”dən, Ermənistanla bağlı “tarixi qərarlardan” danışanda onun nə demək istədiyini daha dəqiq bilmək istərdim. Çünki Fransanın Ermənistanla bağlı tarixi qərarlarından danışarkən Makron nə ilə fəxr edir? Gəlin faktlarla danışaq. 
  Parisin “tarixi qərarları” və üstəlik, onların Ermənistan üçün müsbət nəticələri nədən ibarətdir? Saxta müşahidəçilərdə? Yaxşı, fransız futbolçu Nikolas Anelka Ermənistanda futbol akademiyası açmaq niyyətindədir? Paşinyanın Avropanın nüfuzlu partiyalarına dəvətlərində? Biz Ermənistana ən təsirli silahlardan uzaq çox məhdud partiyanı veririkmi? Bəlkə Paris Ermənistanın sərhədlərinin toxunulmazlığını təmin edəcəyinə söz verib, amma biz bilmirik?”.
  R.Marqaryan hesab edir ki, Makronun Ermənistan-Azərbaycan münasibətlərində aparıcı vasitəçilik rolunu oynamaq cəhdləri bu münasibətlərin normallaşması baxımından nəticə vermədi. Üstəlik, Parisin fəal vasitəçiliyi Ermənistan-Rusiya münasibətlərində neqativ prosesləri stimullaşdırdı: “Makronun vasitəçilik səyləri kollektiv Qərbin Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün ümumi planının həyata keçirilməsi istiqamətində atılan  şüurlu addım idi? Əgər Paris Ermənistan-Azərbaycan münasibətləri məsələlərində Moskva ilə əməkdaşlıq edə bilməsəydi, indiki çətin geosiyasi vəziyyətdə Paris o qədər də fəal olmasaydı, bəlkə də Ermənistan daha yaxşı olardı”.
  “Fransa Prezidenti Emmanuel Makronun “Ermənistanla bağlı tarixi qərar verildi” açıqlamasına sevinənlər unutmasınlar ki, 1921-ci il oktyabrın 20-də Kilikiyanı Türkiyə nəzarətinə verən Fransa olub”. Bunu  isə erməni politoloq Qaqik Ambaryan yazıb. NATO üzvü olan Fransa və Türkiyənin  Ermənistana görə heç vaxt bir-biri ilə müharibə etməyəcəyini  vurğulayan erməni politoloq  qeyd edib ki, Vaşinqton, Paris, Moskva, Tehran və güvəndikləri digər “paytaxtlar”  heç vaxt Ermənistanın problemlərini həll etməyəcək,  əksinə, onların hesabına türklərlə münasibətlərini yaxşılaşdıracaqlar:  “Fransa ermənipərəst bəyanatlardan başqa bizim üçün heç nə etməyib. Deməyib ki, rusları Ermənistandan çıxarın, gəlib etibarlı tərəfdaş və təhlükəsizliyin təminatçısı kimi onları əvəz edəcəyik”.
Maraqlıdır, Makron “tarixi qərar” dedikdə nəyi nəzərdə tutur?
 
 Mövzu ilə bağlı “Sherg.az”a danışan  Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov hesab edir ki, Makronun Ermənistanla bağlı “tarixi qərarlar” bəyanatı absurddur. Makron  “tarixi qərarlar” dedikdə  çox güman Ermənistana hərbi texnikanın  ötürülməsi və onların tətbiqi ilə bağlı təlimatları  nəzərdə tutur: 

“Makron “tarixi qərar” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamadığı üçün müxtəlif variantlar irəli sürülür. Hərbi müdafiə sazişi, ticari-iqtisadi razılaşma da ola bilər. 
  Söhbət Fransa və Ermənistan arasında bir neçə ay öncə baş tutmuş hərbi-texniki əməkdaşlıqla bağlı sazişdən də gedə bilər.  Həmin saziş imzalandıqdan sonra  Fransa İrəvana silah yardımını  xeyli artırmışdı. 
Lakin haqlı olaraq bu açıqlamalar  Ermənistan daxilində ciddi rezonans doğurub ki, bu qərarların müsbət nəticələri görünmür. 
Fransanın Ermənistana olan marağı Rusiya-Ermənistan münasibətlərində də  böyük problemlər yarada bilər. 
  Fransanın regiondan çox uzaq olması, Ermənistan cəmiyyətinin gözləntilərinin reallaşmaması, qərblə yaxınlaşma  meyli fonunda rəsmi Parisin addımlarının yetərli olmaması Ermənistan tərəfindən müsbət qarşılanmır.  Ola bilsin ki, Makron Ermənistanla bağlı  “tarixi qərarlar” kimi populist çıxışlarla ermənilərin simpatiyasını qazanmağa çalışır”.   
 
 Fransa-Ermənistan arasındakı münasibətərin Azərbaycan dövləti tərəfindən diqqətlə izləndiyini vurğulayan politoloq deyib ki, milli təhlükəsizliyimiz üçün ciddi addımlar atılacağı təqdirdə dövlətimiz prioritet  tədbirlər görəcək. Bununla bağlı da qarşı tərəfə  ciddi xəbərdarlıq edilib.