Hulusi Akarın bütün mesajları Qərbdə ciddi qəbul olunur
Prezident İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib. Hulusi Akar Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” prinsipi üzrə inkişaf etdiyini və bunun bir örnək olduğunu vurğulayıb. Qonaq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasında mühüm rol oynadığını deyib. Akar Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəsna rolunu bir daha vurğulayıb. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin ilk günlərindən Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin Azərbaycana göstərdiyi mənəvi, siyasi və diplomatik dəstəyi bir daha yüksək qiymətləndirib. Söhbət zamanı ötən il sentyabrın 19-20-də Azərbaycanın 23 saatdan da az bir müddətdə həyata keçirdiyi antiterror tədbirləri zamanı ərazimizdə qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna və təcavüzkar separatizmə son qoyulduğu, suverenliyimizin tam bərpa olunduğu vurğulanıb. Dövlət başçısı 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Silahlı Qüvvələrində yeni islahatların aparıldığını deyib. Ordumuzun döyüş qabiliyyətinin daha da gücləndiyini qeyd edib. Bütün bunların ötən ilin sentyabrında keçirilmiş antiterror tədbirlərində bir daha özünü bariz şəkildə göstərdiyini bildirib. Söhbət zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı və yeni sahələri əhatə etməsi məmnunluqla qeyd olunub. Bu təşkilatın parlamentlər xətti ilə də müvafiq komitələr səviyyəsində əlaqələrin yaradılması və bu komitələrin birgə iclaslarının keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Şuşa Bəyannaməsinin əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Türkiyə arasında hərbi, müdafiə sənayesi, təhlükəsizlik, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Hər iki ölkənin silahlı qüvvələri tərəfindən birgə keçirilən hərbi təlimlərin əhəmiyyəti xüsusilə qeyd edilib. Sonda Hulusi Akar dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.
Hulusi Akar Şəhidlər xiyabanını ziyarət zamanı jurnalistlərə açıqlamasında Ermənistana mesajlar verib. Deyib ki, Ermənistan səhv yola düşərsə, bunun nəticəsi ağır olacaq. O bildirib ki, bəziləri Ermənistanı proksi dövlətə çevirmək istəyir: “Əgər Ermənistan bu səhv yola girərsə, İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə ağır nəticə ilə üzləşəcək. Buna imkan verməmək lazımdır. Bizim üçün vacib olan sülh, sabitlik və Qafqazın gələcəyidir”. Akar söyləyib ki, Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutmalıdır: “Regiona ən qısa vaxtda sülh və sabitlik gəlməlidir. Bunun üçün səy göstəririk. Təhriklərin, təzyiqlərin Ermənistana və bölgəyə heç bir xeyri yoxdur”. Keçmiş nazir qeyd edib ki, Türkiyə və Azərbaycan əməkdaşlığı davam etdirirlər: “Müdafiə sənayesi sahəsində əməkdaşlığımız sıx şəkildə davam edir”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg az"a deyib ki, Türkiyənin keçmiş müdafiə naziri, parlamentin Milli Müdafiə Komissiyasının sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Ekspert Akarın səfərinin Qərbin Azərbaycana qarşı yönələn təzyiqləri fonunda həyata keçməsinə diqqət yönəldib:
"Bu, Türkiyənin uğurlu siyasi gedişi və Qərbə, Ermənistana verdiyi mesajdır. Hulusi Akarın önəmli mesajları Türkiyənin rəsmi mövqeyidir. Bir çox məsələlər qardaş Türkiyə ilə koordinasiyalı həyata keçirilir. Səfər zamanı önəmli məsələlərin müzakirə olunduğu istisna edilmir. Qərbin Azərbaycana yönələn təxribatçı siyasəti ilə yanaşı, Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması, sülh prosesinin gedişatı da mühüm müzakirə predmetləridir. Akarın Azərbaycana səfəri Ankara-Bakı birgə fəaliyyət istiqamətinin növbəti addımları müzakirə etmək üçündür. Əlavə olaraq qonaq tərəfindən verilən mesajlar Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman yanımızda yer aldığının nümayişidir. Hulusi Akarın bütün mesajları Qərbdə ciddi qəbul olunur".