Vaşinqton Tehrana seçim yeri qoyur: Razılaşma, yoxsa daha genişmiqyaslı müharibə - ŞƏRH

  • İranın neft ixracına zərbə ölkədə yeni etirazlara yol aça bilər 

ABŞ-ın İrana qarşı mümkün yeni hərbi əməliyyat ssenarilərini nəzərdən keçirməsi və İranın sahilboyu ərazilərində hərbi obyektlərə zərbələrin endirilməsi ilə bağlı təkliflərin Prezident Donald Trampa təqdim olunması Vaşinqtonun Tehrana qarşı təzyiq strategiyasını yenidən gündəmə gətirib.

ABŞ ordusunun əsas diqqətini İran gəmilərinə və limanlarına qarşı tam dəniz blokadasının tətbiqinə yönəltməsi, 50 min ABŞ hərbçisinin döyüşə hazır vəziyyətdə saxlanılması və hərbi qüvvələrin silah-sursat ehtiyatlarının yenilənməsi bölgədə gərginliyin növbəti mərhələyə keçə biləcəyi ilə bağlı suallar yaradır. Digər tərəfdən, hərbi imkanların gücləndirilməsi və mümkün zərbələrə dair planların hazırlanması hələ yeni hücum qərarının verildiyi anlamına gəlmir. Vaşinqton bu addımlarla İranın hərbi və iqtisadi imkanlarını zəiflətməyə, xüsusilə neft ixracına mane olmaqla Tehranın maliyyə resurslarına təzyiq göstərməyə və danışıqlar masasında mövqelərini dəyişməyə çalışa bilər. Bəs ABŞ-ın hərbi hazırlıqlarının arxasında hansı məqsədlər dayanır? İranın sahilboyu ərazilərinə mümkün zərbələr və dəniz blokadası bölgədə hərbi qarşıdurmanın genişlənməsinə səbəb ola bilərmi? Yoxsa Vaşinqton hərbi təhdid və iqtisadi təzyiq vasitəsilə Tehranı daha əlverişli şərtlərlə razılaşmağa məcbur etməyə çalışır?

Politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, İranın sahilboyu ərazilərinə hərbi zərbələrin endirilməsinin birdən çox hərbi-strateji məqsədi var:

“Amerikanın əsas məqsədi İranın dəniz gücünün zəiflədilməsidir. Buna nail olarsa, İranın Hörmüz boğazına nəzarət imkanları da ən azı zəifləyə bilər. Burada ən mühim məsələlərdən biri İranın ixrac potensialını sıradan çıxarmaqdır. Çünki İranın neft ixracı limanlar vasitəsiylə həyata keçirilir. Sahilboyu ərazilərə zərbələrin endirilməsi də yuxarıda saydıqlarımızla yanaşı strateji baxımdan İranın ixrac imkanlarının aradan qaldırılmasına hesablana bilər. ABŞ buna nail olarsa İran üçün ciddi nəticələr doğura bilər. Əslində, ikinci məsələ İranın dəniz blokadasıdır. Bu da yenə həmin məsələyə xidmət edir, xüsusən İranın ixrac imkanlarını sıradan çıxarmağa yönəlib. Amerika daha öncə müharibədə göstərdi ki, müharibə yolu ilə rejimə təsir etmək imkanları zəifdir və ya ən azı nəticə əldə edə bilmədilər, rejimi devirə bilmədilər. O cümlədən, İran hakimiyyətini danışıqlar masasında razılaşmağa məcbur edə bilmədilər.

Bu baxımdan, Amerikada müəyyən bir taktiki dəyişiklik olduğunu görürük. Yəni, təbii ki, hərbi zərbələrin endirilməsi əvvəlki qədər geniş miqyasda olmasa da, zaman-zaman, müəyyən aralıqlarla davam edəcək. Bunun əsas məqsədi İranı təzyiq altında saxlamaq və bununla da danışıqlar masasındakı vəziyyətə təsir etməkdir”.

Analitik qeyd edib ki, Amerika ümumilikdə taktiki olaraq İran qarşısında addımlarını dəyişdirməyə bənzəyir:

“İndiyə qədər daha çox hərbi müstəvidə addımlar atılırdı. Buna baxmayaraq, görünür ki, indi iqtisadi təzyiqə daha çox üstünlük verilir. İrana qarşı dəniz blokadası burada ən önəmli məsələlərdən biridir. Qeyd etdim ki, limanlardan daşımaların kəsilməsi, xüsusən də neft ixracının qarşısının alınması İran üçün kifayət qədər təhlükəli məsələdir. Çünki İran üçün əsas gəlir mənbəyi hər bir halda neftdir. Nə qədər ucuz satılsa da, oradan qazandığı maliyyə ölkədəki daxili sosial-iqtisadi vəziyyətin müəyyən qədər nəzarətdən çıxmasının qarşısını almağa imkan verir. Digər tərəfdən, hər bir kampaniyanın maliyyə xərcləri var. Amerika ilə müharibədə maliyyə ehtiyaclarını ödəmək lazımdır. Amma dəniz blokadasının uzun müddət davam etməsi və ixrac imkanlarının ən azı zəiflədilməsi İran üçün ciddi problem yaradacaq. İlk növbədə, bu, daxili sosial-iqtisadi vəziyyəti daha da kəskinləşdirə bilər. Bilirik ki, yanvar ayında məhz sosial-iqtisadi vəziyyətlə əlaqədar İranda etirazlar başlamışdı”.

Ekspert vurğulayıb ki, İranın gəlirlərinin azalması fonunda Amerikanın hərbi addımları da müəyyən müddət davam edərsə, o zaman İranda sosial etirazlar yenidən aktuallaşa bilər:

Bu da İran hakimiyyəti üçün ən ciddi problemlərdən biridir.

Onu da görürük ki, təxminən bir neçə aydır İran tərəfi ölkə daxilində yeni təxribatların hazırlandığı haqqında ictimai rəydə təsəvvür formalaşdırmağa çalışır. Hesab edirəm ki, İran hakimiyyətinin bu cür informasiya təbliğatı məhz sosial-iqtisadi etirazların yenidən başlanması ehtimalına qarşı yönəlib.

Bu da o deməkdir ki, Amerikanın dəniz blokadası tədricən İrandakı vəziyyəti bu istiqamətə yönəldə bilər.

Əgər Amerika buna nail olsa və blokada davam edərsə, hesab edirəm ki, bu, həm Hörmüz boğazı ətrafındakı vəziyyəti tədricən Amerikanın xeyrinə dəyişəcək, həm də danışıqlar masasında İran hakimiyyətinin ən azı indiki qədər müqavimət göstərməsinin qarşısını alacaq. İran hakimiyyətinin müqavimətini ən azı zəiflədə bilər”.

Ekspert əlavə edib ki, Amerikanın döyüş sursatını cəmləşdirməsi, xüsusən yeni hərbi qüvvələrin bölgəyə cəlb edilməsi, yeni hücumun olub-olmaması məsələsini aktuallaşdırır:

“Amma fikrimcə, bu məsələyə yanaşdıqda, Amerika tərəfinin, həmçinin Trampın noyabrda keçiriləcək aralıq seçkilərə qədər hücum etməmək ilə bağlı bəyanatları da diqqət çəkir. Düşünürəm ki, bu, bir-biri ilə bağlı məsələdir.

Amerikanın Tramp tərəfindən verilən mesajı, yəni hücumun edilməyəcəyi ilə bağlı verdiyi mesaj, xüsusən seçkiyə hesablanmış bir məsələdir. Çünki Amerikanın daxilində həm bu müharibəyə qarşı çıxanlar var, həm də bu müharibənin nəticəsində enerji qiymətlərinin artması artıq seçici elektoratında müəyyən narazılıq yaradıb. Buna görə, bir növ, Amerika tərəfi Trampın hücum etməyəcəyi barədə mesaj verməklə dünya bazarında vəziyyəti stabilləşdirmək, ən azı seçki öncəsi qiymətləri nəzarətdə saxlamaq istəyir. Xüsusən enerji qiymətlərini nəzarətdə saxlamaq istəyir ki, bu da daxildə seçicilərin mövqeyinə təsir etmək məqsədi daşıyır. Yəni, bu da seçkidə müəyyən nəticə qazanmağa hesablanmış bir addımdır.

Amma bu, o demək deyil ki, Amerikanın İrana qarşı hər bir kampaniyası və hər bir addımı tamamilə dayandırılacaq. Xeyr. Digər tərəfdən isə, Amerika üçün, deyək ki, aralıq seçkilərə qədər olan müddətdə İranla bağlı danışıqlarda müəyyən nəticələr əldə etmək Tramp administrasiyası üçün müsbət addımlardan biri ola bilər və bu da seçkiyə təsir edə biləcək məsələdir.

Bu baxımdan, bir növ, Amerika bir tərəfdən hərbi müstəvidə İrana təhdid yarada biləcək addımları genişləndirir, digər tərəfdən isə hücumların təxirə salındığı barədə mesaj verilir.

Bu da, hesab edirəm ki, danışıqlar masasında İranla razılaşmağa hesablanmış bir addımdır. Amerika İrana mesaj verir ki, hücumu dayandırırıq və danışıqlar masasında razılaşma əldə etmək lazımdır. Bununla yanaşı, hərbi müstəvidə addımlar atmaqla verilən mesaj budur ki, əgər İran razılaşmasa, daha genişmiqyaslı müharibə başlaya bilər və yeni zərbələr endirilə bilər.

Hesab edirəm ki, bu proseslə Amerikadakı seçkilər və danışıqlar masası arasında müəyyən qarşılıqlı əlaqə var. Baş verənləri də biz bu kontekstdə qiymətləndirə bilərik”.