Kraliça tarix yazdı: Döyüş təyyarəsini təkbaşına idarə etdi, kraldan mənalı jest

Tayland kraliçası Suthida döyüş təyyarəsini təkbaşına idarə edərək ölkə tarixində ilkə imza atıb. Tarixi uçuşdan sonra kral Maha Vaçiralonqkornun həyat yoldaşına etdiyi jest diqqət çəkib.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

Oktyabrın 9-da Kral Sarayı tərəfindən yayımlanan görüntülərdə 48 yaşlı kraliçanın İsveç istehsalı olan “Gripen” döyüş təyyarəsi ilə uçuşunun təfərrüatları əks olunub.

Suthida oktyabrın 8-də Taylandın cənubundakı Surat Thani əyalətində yerləşən hərbi hava bazasından biryerlik JAS 39C “Gripen” döyüş təyyarəsi ilə havaya qalxıb. Onun uçuşunu pilotluğa böyük maraq göstərən həyat yoldaşı Kral Maha Vaçiralonqkorn izləyib.

Həftələrlə təlim keçib

Kütləvi informasiya vasitələrinin məlumatına görə, kraliça solo uçuşdan əvvəl hərbi hava bazasında həftələrlə simulyator təlimləri keçib. O, həmçinin iki nəfərlik “Gripen” döyüş təyyarəsi ilə təxminən 10 saat uçuş həyata keçirib.

Hazırlıq mərhələsindən sonra biryerlik JAS 39C ilə havaya qalxan Suthida uğurlu uçuşu ilə Taylandın ilk qadın “Gripen” pilotu olub.

Kraldan gül dəstəsi və xüsusi nişan

Uçuşdan sonra Kral Maha Vaçiralonqkorn həyat yoldaşını gül dəstəsi ilə qarşılayıb. O, həmçinin kraliçanın sol qoluna “Qızıl Gripen” nişanı taxıb. Bu mərasim tarixi uçuşdan sonra diqqət çəkən məqamlardan biri olub.

Keçmiş stüardessa, təcrübəli pilot

Kraliça Suthidanın aviasiyaya marağı yeni deyil. O, əvvəllər “Thai Airways” aviaşirkətində stüardessa işləyib. Suthida 2019-cu ildə, kralın tacqoyma mərasimindən bir neçə gün əvvəl Maha Vaçiralonqkornla evlənib.

Kraliça uçuş təlimlərinə 2010-cu ildə başlayıb və indiyədək təxminən 1 190 saat uçuş təcrübəsi qazanıb. O, kralın səfərləri zamanı tez-tez onun yanında ikinci pilot kimi fəaliyyət göstərir.

Bu uçuşlar arasında mürəkkəb coğrafi şəraiti və eniş çətinliyi ilə tanınan Butandakı Paro hava limanına həyata keçirilən uçuş da var.

Tayland “Gripen” donanmasını genişləndirir

Tayland hazırda İsveçin “Saab” müdafiə və aviasiya şirkətinin istehsalı olan “Gripen C/D” döyüş təyyarələrindən ibarət donanmadan istifadə edir.

Ölkə 2025-ci ildə “Saab” şirkəti ilə üç “Gripen E” və bir “Gripen F” döyüş təyyarəsinin alınmasını nəzərdə tutan, təxminən 556 milyon dollar dəyərində müqavilə imzalayıb. Yeni təyyarələrin 2030-cu ilədək təhvil verilməsi planlaşdırılır.