Bu gün azərbaycanlılar İtaliyanın paytaxtı Roma şəhərinin mərkəzində, Piazza dei Santi Apostolidə etiraz aksiyası keçirəcəklər.
Bu barədə “Report”a aksiya iştirakçıları məlumat veriblər.
Bildirilib ki, İtaliya polisinin nəzarəti altında baş tutacaq aksiya Ermənistanın Azərbaycan ərazilərində törətdiyi mina terroru barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.
Məsələ ilə bağlı "Sherg.az"a danışan politoloq İlqar Vəlizadə bildirib ki, bu çox təqdirəlayiq addımdır:
"Azərbaycan diasporu yaranmış vəziyyətlə bağlı öz səsini ucaldır. Bu hadisə bir daha deməyə əsas verir ki, Azərbaycan bütün imkanlardan istifadə edərək öz haqlı mövqeyini Avropa ölkələrinə göstərəcək. Eyni zamanda hadisə Azərbaycan iqtidarı ilə yanaşı xalqın da səsidir. Yəni məsələdə iqtidar və xalq vəhdəti var. Heç bir Avropa siyasətçiləri və digər dairələr bizi tutduğumuz yoldan döndərə bilməzlər. Aksiya Azərbaycandan kənarda yaşayan insanlar üçün də bu məsələnin prinsipial əhəmiyyət kəsb etdiyini nümayiş etdirir. Həmçinin, Azərbaycanlılar haqq və ədalətin bərqərar olmasında israrlıdırlar".