Kabildə  səfirliyimizin işə başlaması doğru qərardır -Politoloq 

Azərbaycan Əfqanıstanda fəallığını artırmalı, Talibanla diplomatik əlaqələrdən qopmamalıdır



  Azərbaycanın Əfqanıstana təyin edilmiş səfiri İlham Məmmədov Kabilə gedib və Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb. Bu barədə Taliban XİN-in nümayəndəsi Əbdül Kaxar Balxi “X” platformasında bildirib. Azərbaycanın Kabildəki səfiri İlham Məmmədov xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşdə Kabildə səfirliyin açılması ilə bağlı rəsmi məktubu təqdim edib. Qeyd edək ki, müasir Azərbaycanın tarixində ilk dəfə səfir Əfqanıstanda fəaliyyət göstərəcək. 13 yanvar 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycanın Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb. 2021-ci ilin iyul ayında isə İlham Məmmədovu Əfqanıstana səfir təyin edib. Azərbaycanın Kabildə səfirliyinin açılması barədə qərar iki ölkə arasında 1994-cü ildə diplomatik münasibətlərin qurulmasından 27 il sonra qəbul edilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən ilin dekabrında illik mətbuat konfransında bildirib ki, Bakı 2024-cü ildə Kabildə səfirlik açmağı planlaşdırır. Xatırladaq ki, ABŞ-nin 2021-ci ildə qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını elan etməsindən sonra Taliban hərəkatı ölkə üzərində nəzarətini bərpa edib. Belə ki, avqustun 15-də Taliban döyüşsüz Kabilə girib və sentyabrın 7-də müvəqqəti hökumətin tərkibini elan edib.

  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Azərbaycanın Əfqanıstanda səfirliyinin fəaliyyətə başlaması doğru qərardır. Onun sözlərinə görə, Taliban real gücdür və kiçik istisnalarla ölkənin tamamına nəzarət edir:

 "Talibanın paytaxt Kabili ələ keçirməsindən təxminən 3 ilə yaxın vaxt keçib. O zaman Kabili təcili tərk edənlər tədricən geri qayıtmağa başlayıblar. Bir sıra dövlətin səfirliyi Kabildə yenidən fəaliyyətə başlayıb, digərləri isə Talibanla təmasları davam etdirirlər. Talibanla ən sıx əlaqəsi olan ölkə Çindir. Pekin Əfqanıstana yatırımlarının həcmini artırıb. Bu ölkənin yeraltı sərvətlərinə və ərazidən keçən nəqliyyat dəhlizlərinə maraq göstərir. Bölgədə müxtəlif nəqliyyat dəhlizlərinə maraq göstərən Azərbaycan tək elə bu səbəbdən Əfqanıstanda fəallığını artırmalı, Talibanla diplomatik əlaqələrdən qopmamalıdır".