Kremlin sülh təklifi ermənilərin Qarabağa qayıtmasına əsaslanır

Xovayev Bakıdan əliboş qayıdıb

Rusiya sülhməramlı qüvvələrinin Qarabağda qalması da Kreml üçün önəmlidir

  Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov bildirib ki, Moskva tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlara maksimum dəstək verməyə hazırdır. Onun sözlərinə görə, bütün bu illər ərzində Rusiya keçmiş Qarabağ probleminin sülh yolu ilə həllinə səy göstərib, təəssüf ki, alınmayıb: "Bu mövzu sentyabr ayında hərbi əməliyyatla bağlandı. Rusiya nizamlanmada həmişə çox mühüm rol oynayır". Diplomat vurğulayıb ki, hazırda Ermənistanla Azərbaycan bilavasitə sülh müqavilələri layihələri mübadiləsi aparırlar: "Azərbaycan tərəfinin təklif etdiyi, mənim fikrimcə, tamamilə əsaslandırılmış, bir qayda olaraq, tərəflər arasında sülh müqavilələrində mövcud olan standart müddəa və maddələrdir. Prinsipcə, Bakının irəli sürdüyü təkliflərə əsaslanaraq, mənə elə gəlir ki, bu danışıqlar kifayət qədər tez başa çatdırıla bilər. Biz Moskva meydançasını təqdim etməyə, lazım gələrsə, öz ekspertizamızı, mətnlə bağlı məsləhətlərimizi verməyə hazırıq. Burada bizim azərbaycanlı həmkarlarımızla çox yaxşı qarşılıqlı əlaqəmiz qurulub". Rusiya səfiri rəsmi Bakının sülh müqaviləsi ilə bağlı danışıqlatı çox tez başa çatdırmaq niyyətində olduğunu da söyləyib: “Görürəm ki, Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqları çox tez başa çatdırmaq əzmindədir. Amma bildiyimiz kimi, danışıqları başa çatdırmaq üçün hər iki tərəfin belə bir istəyi olmalıdır". Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev da deyib ki, Qərb Cənubi Qafqazda vəziyyəti sarsıtmağa və Ermənistan-Azərbaycan nizamlanmasının qarşısını almağa çalışır: “Qərblilərin Cənubi Qafqazda vəziyyəti silkələmək, o cümlədən Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etmək istəyini görürük ki, bu da bu regionlarda vəziyyətin kəskinləşməsinə səbəb olub”.
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması istiqamətində vasitəçilik missiyasını məqsədyönlü şəkildə yenidən aktivləşdirib:

"Avropa İttifaqının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik zəngində Brüssel formatına qayıtmağı xahiş edib. Prezident Fransanın iştirakı olmadan Brüsseldə görüşə qatılacağını vurğulayıb. Brüssel formatının aktivləşməsi Kremli hərəkətə gətirib. Azərbaycan Rusiya xarici işlər nazirinin Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi Bakıya göndərdi. Onun Ermənistana səfəri isə reallaşmadı. Çünki Paşinyan Rusiyanın vasitəçiliyindən imtina edib və Kremlin hər hansı təklifini qəbul etmir. Xovayevin Bakıda danışıqları birtərəfli şəkildə olduğu üçün real vasitəçilik missiyası reallaşması mümkün deyil. Ümumiyyətlə, rəsmi Bakı da Moskvanın vasitəçiliyində maraqlı görünmür".
  Analitikin fikrincə, Kremlin sülh təklifi ermənilərin Qarabağa qayıtmasına əsaslanır: "Rusiyanın sülh gündəliyində əsas aşağıdakılar yer tutur. Bu da Qarabağ ermənilərinin geri qayıtması və qayıdan ermənilərin təhlükəsizliyinə müstəsna hüquqlar verilməsidir. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda qalması da Kreml üçün önəmlidir. Şübhəsiz, Rusiyanın bu təklifləri Azərbaycan tərəfindən qəbul edilməyəcək. Moskvanın vasitəçiliyi və sülh gündəliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edir. Ona görə də Xovayev Bakıdan əliboş qayıdıb".