Növbəti dövrdə müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi əsas prioritet olacaq
Milli Məclisin dünənki iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb. Onun namizədliyi Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Əli Əsədovun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib. Milli Məclis Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib. Daha sonra Əli Əsədov hökumətin prioritetlərini açıqlayıb.
O deyib ki, bu gün Azərbaycan postmüharibə dövrünün çağırışlarına uyğun olaraq yeni inkişaf strategiyası ilə inamla irəliləyir, milli dövlət quruculuğunun növbəti şərəfli mərhələsini yaşayır: “Növbəti dövrdə müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi, hərbi sahədə texnoloji inkişaf və hərbi sənaye kompleksinin təkmilləşdirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi əsas prioritet olacaq. Cəmiyyətimizin həyatının bütün sahələrində, o cümlədən sosial sahədə inkişaf dövlət başçımızın hər zaman diqqət mərkəzində olub və olacaq. Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ən önəmli vəzifə olaraq hökumət qarşısında duracaqr. Təbii ki, cənab Prezident öz çıxışında qeyd etdiyi kimi, sosial rifahla bərabər əhalimizin, əsasən gənclərin təhsili, onların milli-mənəvi dəyərlərə və ənənələrə, azərbaycançılıq prinsiplərinə əsaslanaraq formalaşdırılması, müasir çağırışlara və texnologiyalara yiyələnməsi Dördüncü Sənaye İnqilabı dövründə gələcək inkişafımızın təminatçısı olacaq. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün əsas prioritetlərimizdən biri yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsilin, sağlam cəmiyyətin, idmanın, mədəniyyətin, innovasiyaların təşviq edilməsi əsas şərtdir".
"Azərbaycan xalqı dövlət başçımıza yüksək inam və etimad göstərdi"
Əli Əsədov deyib ki, qədirbilən Azərbaycan xalqı şəffaf və demokratik şəraitdə öz layiqli və ədalətli seçimini edərək bir daha dövlət başçımıza yüksək inam və etimadını göstərdi: "Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə zamanın çağırışları və mürəkkəb geosiyasi şərtlər fonunda həyata keçirilən siyasi kurs Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsini, respublikamızın bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevrilməsini təmin edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etməsi, 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şanlı səhifəsidir".
Deputatlar Əli Əsədovun xidmətlərini qiymətləndirib
Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Əli Əsədovdan bu dövrün özünü nədə ehtiva edəcəyini və nədə göstərəcəyini soruşub: “İkincisi, hökumət repetitorluğun qarşısının alınması üçün hansısa addımlar atmaq barədə düşünürmü? Prezident söylədi ki, biz Türkiyə, türk dövlətləri ilə daha sıx inteqrasiya olunmalıyıq, bu baxımdan Türkiyə ilə ümumi bazar yaradılması barədə hər hansı ideya, düşüncələr, fikirlər varmı? Bundan başqa, hesab edirəm ki, kasıb insanların nə Əli müəllimə, nə də bizim hökumət üzvlərinə heç bir pisliyi keçməyib. Ona görə də “quru sərhədləri nə vaxt açılacaq” sualına aydınlıq gəlməlidir. Məsələn, insanlar Gürcüstana gedib öz qohumlarını ziyarət edə bilməsi üçün...”.
"Azərbaycanda çox güclü Baş nazir olmalıdır"
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə qeyd edib ki, Nazirlər Kabineti Əli Əsədovun rəhbərliyi dövründə çox böyük işlər görüb: “Əli müəllim ilk Baş nazir olacaq ki, bütün Azərbaycanın ərazisində Baş nazir kimi fəaliyyət göstərəcək. İndiyə qədər olan dövrdə heç bir Baş nazir bütün Azərbaycan ərazisində öz səlahiyyətlərini həyata keçirməyib. Əli müəllimə uğurlar arzu edirəm”.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə nəzərə çatdırıb ki, Əli Əsədovun yenidən Baş nazir vəzifəsinə təyin olunması məsələsi çox mühümdür: “Hazırda bölgədə baş verən məsələlər onu deməyə əsas verir ki, Azərbaycanda çox güclü Baş nazir olmalıdır. Əli müəllimin 5 illik Baş nazirlik fəaliyyəti göstərdi ki, o, həqiqətən yerində olan kadrdır”.
"Bu vəzifələrin icrasında hökumətə uğurlar arzu edirəm"
Parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə qeyd edib ki, Prezidentin 14 fevral çıxışı yol xəritəsidir: “Ana xətt iki istiqamətdə üzərində qurulub. Birinci növbədə Qarabağ və Şərqi Zəngəzurun bərpa məsələsidir. İkinci istiqamət isə Ermənistanla münasibətlərin sülh müqaviləsi ilə yekunlaşmasıdır. Cənab Prezidentin qarşıya qoyduğu bu vəzifələrin icrasında hökumətə uğurlar arzu edirəm".
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli də təşəbbüsü dəstəklədiyini bildirib və təklifi səsə qoymağı təklif edib: "İnsan üçün iki ümdə keyfiyyət var. Birincisi də, ikincisi də sədaqətdir. Bu keyfiyyətlər də Əli müəllimdə var". Baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Əli Əsədov isə bildirib ki, Prezident Milli Məclisdəki bu kürsüdən proqram xarakterli çıxış edib: “Dövlət başçısı gələcək illərdə hökumət qarşısında tələblər qoydu”.
Əli Əsədov Azərbaycanın dinamik inkişafı üçün çalışacaqlarını bildirib.