Deputat: Bakı müstəqil siyasət aparır

Siyasi və iqtisadi sahədə Azərbaycanın xarici təsirə məruz qalma ehtimalı sıfıra bərabərdir 



  Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı Azərbaycan xalqının birliyindən, həmrəyliyindən də söz açdı və bu məqamın çox dəyərli və zəruri olduğunu vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan xalqı bir yumruq kimi birləşib və bu birlik daimi olmalıdır. Bizi birləşdirən ümummilli məsələnin Qarabağın azad edilməsi olduğunu xatırladan dövlət başçısı dedi ki, bu məsələ artıq öz həllini tapıb: "Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın". Ölkə rəhbəri bəyan etdi ki, burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır: "Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir". Prezident əlavə etdi ki, milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir: "Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi vəzifəsi dövlətin və hər bir ailənin qarşısında durur. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda, heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz". 

  Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında Azərbaycan dövlətinin siyasi-iqtisadi, hərbi sahələrdə əldə etdiyi böyük uğurlardan danışdı. Daxili və xarici siyasətdə qarşıya qoyulan hədəflərin tam yerinə yetirildiyini vurğuladı. Eləcə də, dövlətimizin daha da güclənməsi istiqamətində qarşıda duran yeni hədəflər barədə fikirlərini bildirdi:
 "Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı, ancaq birlik daimi olmalıdır. Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var. Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsasdır, önəmlidir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu var. Məktəblərdə uşaqlara aşılanan milli dəyərlər, müstəqilliklə, milli ləyaqətlə, qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və sarsılmazdır. Bunu toxunulmaz və daha da sarsılmaz etmək öz əlimizdədir. Hər hansı kənar qüvvə öz çirkin niyyətinə çatarsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında yetişməsi, "mütərəqqi" və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi hamımızın qarşısında vəzifə kimi durur".

  Parlament üzvü vurğulayıb ki, Prezident İlham Əliyev gələcək 7 il üçün iki əsas strateji xətti müəyyənləşdirdi:
 "Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Bu gün dünyada gedən prosesləri hər kəs görür. Dünya faktiki olaraq üçüncü dünya müharibəsinə çox yaxındır. Hətta bəziləri hesab edir ki, artıq dünya müharibəsi başlayıb. Təbii ki, müasir müharibələr əvvəlki savaşlardan fərqlənir. İkinci Dünya müharibəsi ilə bugünkü müharibələri müqayisə etmək mümkün deyil. Azərbaycan hərbi sahəyə diqqət yetirir, güclü sənaye kompleksi yaradır. Artıq bunun birinci mərhələsi başa çatıb, ikinci mərhələsi daha genişmiqyaslı olacaq. 2024-cü ildə bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı 1 milyard manat sərmayə qoyulacaq. Biz özümüzü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik. Həmçinin daha böyük həcmdə ixrac edəcəyik və bu sahədə xarici asılılıqdan canımızı qurtaracağıq. Siyasi və iqtisadi sahədə də bizim xarici təsirə məruz qalma ehtimalımız sıfıra bərabərdir. Çünki biz müstəqil siyasət aparırıq".