Mehmet Fatih Öztarsu: “Azərbaycan və Türkiyənin qarşıdakı dönəmdə daha diqqətli olması, ortaq yol izləməsi lazımdır”

Paşinyanın gələcəkdə nə edəcəyi bəlli deyil

“Zəngəzur dəhlizi məsələsində Paşinyan Ermənistan müxalifəti və erməni diasporu tərəfindən ciddi təzyiqlərə məruz qalır”


  "Azərbaycan Prezidenti İlham Əliyevin seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi ənənəvi qardaşlıq əlaqələrinin, möhkəm münasibətlərin göstəricisidir". 
  
Bunu "Sherg.az"a Türkiyənin “Strategic Outlook” Analitik Mərkəzinin həmsədri, Cənubi Qafqaz üzrə ekspert, dr. Mehmet Fatih Öztarsu deyib. 
Ekspert vurğulayıb ki, xüsusən, Ukrayna-Rusiya müharibəsindən sonra dövlət başçısı İlham Əliyevin həm Türkiyəyə, həm də digər ölkələrə yanaşmaları dərindən təhlil edilməlidir: 
"Əlbəttə, balanslı və düşünülmüş siyasətin həyata keçirilməsində Heydər Əliyevin adını çəkməmək olmaz. Məhz həmin siyasət nəticəsində indiki regional şəraitə uyğunlaşan Azərbaycan görürük. Dövlət başçısı İlham Əliyev bu siyasəti uğurla və həssaslıqla davam etdirir. Türkiyəni mühüm tərəfdaş, həm də balanslaşdırıcı qüvvə kimi görən Azərbaycan, xüsusilə son illərdə ciddi uğurlar əldə edib. Qarabağın geri alınması da bu uğurlu siyasətin nəticəsidir. Məsələ təkcə Qarabağın geri alınmasından getmir. Ermənistanda hakimiyyətin dəyişməsi və İrəvanın Rusiyadan uzaqlaşması, Rusiyanın Ukrayna üzərində fokuslanması və keçmiş sovet coğrafiyasında təsirinin azalması, Qərbin regiona marağı, Türkiyənin orta güc kimi irəliləyişi və başqa çoxsaylı amillər də burada mühüm rol oynayıb. Şübhəsiz, bütün bu dəyişikliklər fonunda Azərbaycan regionda zəifləyə və gücünü itirə bilərdi. Dünyada bunun çoxlu nümunələri var. Ancaq Azərbaycan rəhbərliyinin düşünülmüş siyasəti nəticəsində indiki vəziyyət yarandı. Ən mühüm tərəfdaş kimi Türkiyə bu prosesdə Azərbaycanı hər sahədə dəstəkləyib. İkitərəfli əlaqələr güclü şəkildə inkişaf edir. Bu sahədə atılacaq addımlar mövcud əlaqələri daha da gücləndirəcək və dünyada həqiqətən nadir nümunə olaraq qalacaq. Əksər xarici mənbələr iki ölkə arasındakı sarsılmaz münasibətləri anlamaqda çətinlik çəkirlər. Bir elm adamı kimi bu mövzuda çoxlu suallarla qarşılaşıram".

  M.F.Öztarsu əlavə edib ki, iki ölkənin qarşıdakı dönəmdə daha diqqətli olması, ortaq yol izləməsi lazımdır: 
"Rusiya sülhməramlılarının vəziyyəti, Ermənistan hökumətinin qəbul edəcəyi qərarlar, Zəngəzur dəhlizinin taleyi, yekun sülh sazişinin imzalanması və s. məsələlər iki ölkənin üzləşməli olduğu məsələlərdir. Ermənistanda vəziyyət tam aydın deyil. Paşinyan Ermənistan ictimai rəyini bəzi hadisələrə qarşı hazırlaya bildi. Lakin gələcəkdə nə edəcəyi bəlli deyil. Ona qarşı artan təzyiqlər Azərbaycan və Türkiyə ilə münasibətlərdə normallaşma prosesini uzada bilər. Zəngəzur dəhlizi məsələsində Paşinyan Ermənistan müxalifəti və erməni diasporu tərəfindən ciddi təzyiqlərə məruz qalır. Ona görə də ictimaiyyəti sakitləşdirmək üçün vaxtaşırı anti-Azərbaycan ritorikası ilə çıxış edir. Odur ki, həm Azərbaycan, həm də Türkiyə qarşıdakı dövrdə Ermənistanı arxayınlaşdıran yanaşmaları gündəmə gətirməlidir. Bir az daha vaxt lazımdır. Bu proses həm yüksəksəviyyəli danışıqlar, həm də etibarlı vasitəçilərlə görüşlər tələb edir. Türkiyə, yaxud Gürcüstan mühüm tərəfdaş hesab oluna bilər".