Ermənistan Aİ missiyasını təxribat zonasına yerləşdirmək istəyir - ŞƏRH

Rusiya imkan vermir

“Rəsmi İrəvan son təxribatı əsas götürərək, buna nail olmağa cəhd edəcək. Lakin nəticə əldə edə bilməsələr, eyni istiqamətdə növbəti təxribatların törədiləcəyi istisna edilməməlidir”

  Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı missiyasının rəhbəri Markus Ritterin və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlamaları Zəngilan istiqamətində törədilən təxribatın daha bir məqsədini anlamağa imkan verir. Ritter bildirib ki, “toqquşmanın yaşandığı Nerkin-Hand kəndi istiqamətindəki sərhəddə Rusiya hərbçiləri dayanır və missiyanın bu ərazilərə girişinə imkan verilmir. Rusiya tərəfindən soruşmaq lazımdır ki, bizim ora girişimizə niyə qadağa qoyulub?”. Qriqoryan isə deyib ki, “Aİ missiyasının Nerkin-Hand kəndi istiqamətində çıxışı yoxdur, ora Rusiya hərbçiləri nəzarət edir. Rusiya hadisənin qarşısını ala bilmədi. Onlardan fərqli olaraq, Aİ missiyası sabitləşdirici rol oynayır”.
  Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, bu açıqlamalar göstərir ki, Ermənistanın Zəngilan təxribatının hədəflərindən biri Rusiya hərbçilərinin “vəziyyətə nəzarət edə bilmədiyini” göstərmək və Aİ missiyasının həmin istiqamətdə də fəaliyyətini təmin etməkdir. Ekspertin fikrincə, təxribat hücumu Aİ və Ermənistana bu plana nail olmaq üçün əsas yaratdı: 

"Burada əsas məqamlardan biri Rusiyanın Aİ missiyasının bu əraziyə girişinə niyə qadağa qoymasıdır. Ritter də bildirir ki, “onların missiyası Nerkin-Hand istiqaməti istisna olmaqla, Ermənistanın bütün ərazisini ziyarət edə bilir”. Nerkin-Hand Zəngilanla sərhəddə - Zəngəzur dəhlizi layihəsinin keçəcəyi istiqamətdədir. Mümkündür ki, Rusiyanın Aİ missiyasına qadağasının əsas səbəbi də bununla bağlıdır. Birincisi, Zəngəzurdan keçəcək yolun dəhliz məntiqi ilə açılmasına qarşı olan Aİ-nin öz missiyasını bu istiqamətdə yerləşdirməklə nəzarət imkanı əldə etmək istəyi istisna edilməməlidir. Moskva buna qarşıdır və görünür, Aİ missiyasının bu bölgəyə daxil olacağı təqdirdə nəzarət imkanlarını əldən verə biləcəklərini düşünürlər. Zəngəzur dəhlizi layihəsinin 10 noyabr razılaşmasına uyğun açılmasını planlaşdıran Moskva nəzarəti sərhəddə dayanan hərbçiləri vasitəsilə təmin etməyi planlaşdırır. Bu istiqamətdəki üstünlüyünü Aİ missiyası ilə bölüşdürmək niyyətində deyil. Qriqoryan bildirir ki, Aİ missiyasının Nerkin-Hand istiqamətinə də nəzarətinin təmin edilməsinə çalışacaqlar. Rəsmi İrəvan son təxribatı əsas götürərək, buna nail olmağa cəhd edəcək. Lakin nəticə əldə edə bilməsələr, eyni istiqamətdə növbəti təxribatların törədiləcəyi istisna edilməməlidir".