Nazirlər Berlində danışıqlar aparacaq - GÖZLƏNTİLƏR

Ceyhun Bayramov və Ermənistan XİN görüşün anonsunu verib

“Paşinyan hökuməti sülhə sadiq qalmaq istərdi, amma buna mane olan daxili və xarici faktorlar mövcuddur”

“Daxili faktorlar odur ki, sabiq iqtidarlar, keçmiş Koçaryan və Sarkisyan hökumətləri, həmçinin yeni ortaya çıxmış bəzi qüvvələr ictimai rəyi Paşinyan hökumətinə qarşı çevirməyə çalışırlar, müəyyən qədər də buna nail olurlar”

  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yaxın vaxtlarda Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünün anonsunu verib. Nazir bildirib ki, sülh müqaviləsi istiqamətində danışıqlara bəlli fasilə var idi, amma mətn üzərində iş gedirdi. XİN başçısı xatırladıb ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüş keçirildi və bundan sonra yenidən prosesə start verilməsi barədə qərar verildi: "Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır". C.Bayramov bəzi çevrələrin Azərbaycan-Ermənistan şərti sərhədindəki sakitlikdən narahat olduğunu qeyd edib: "Son 5 ay ərzində razılaşmalar əldə olunmasa da, Ermənistanla sərhəddə sülh və əmin-amanlıq mövcud idi. 5 aya yaxın müddət Azərbaycan və Ermənistan şərti sərhədində ən sakit dövr idi. Bəzi çevrələr əllərindən gələni edirlər ki, vəziyyət dəyişsin, gərginlik olsun". Baş diplomat Avropa İttifaqı missiyasının hərəkətlərinin sərhəddə gərginlik yaratdığını bildirib. Vurğulayıb ki, Aİ-nin sərhəddə olan missiyasının hərəkətləri, müxtəlif Qərb diplomatlarının sərhədə gətirilməsi, sərhəddə heç bir gərginliyin olmaması halında bu məsələnin daim gündəmdə saxlanılması vəziyyətin gərginlik kimi təqdim edilməsinə xidmət edirdi: "Həmin missiyanın nəzarət zonasından Azərbaycan sərhədinin pozulması, sonra heç bir əsas olmadan snayper atəşi ilə hərbçimizin yaralanması buna misaldır". Ceyhun Bayramov Fransanın bu istiqamətdə atılan müsbət addımlar zamanı xüsusi canfəşanlıq etməsinə diqqət çəkib. Nazirin sözlərinə görə, Almaniya kansleri O.Şoltsun təşəbbüsü ilə keçirilən görüşdən sonra sülh prosesinin inkişaf etdirilməsinin vacibliyi qeyd olundu və razılaşdırıldı. Amma bundan dərhal sonra Fransa prezidentinin açıqlaması, daha sonra müdafiə nazirinin Ermənistana gəlməsi, təhrikedici açıqlamaları da buna nümunədir. XİN rəhbərinin qənaətincə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, öz suverenliyini bərpa etməsi bir çox qurumları, mərkəzləri narahat edir.
  Bu arada məlum olub ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq.
Bu barədə Ermənistan XİN mətbuat katibi Ani Badalyan deyib.
Görüşün keçirilməsi ilə bağlı razılaşma Münhendə üçtərəfli görüş zamanı əldə olunmuş razılaşma əsasında aparılacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə də təsdiqləyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün 28-29 fevral tarixlərində Berlində keçirilməsi planlaşdırılır.
  Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları prosesini "Sherg.az"a dəyərləndirən politoloq Cəmaləddin Quliyev deyib ki, XİN başçısının açıqlaması ona dəlalət edir ki, Azərbaycan tərəfi sülh prosesinə sadiqdir. Bu, Münhen danışıqlarında da nümayiş etdirilmişdi. Ekspert bildirib ki, Ermənistan tərəfinin prosesə sadiq olacağı isə sual altındadır: 

"Ermənistan tərəfi, sadəcə, Paşinyan hökumətindən ibarət deyil. İctimai rəyin Paşinyan hökumətinə qarşı köklənməsinin şahidi oluruq. Paşinyan hələ hakimiyyətə gəlməzdən çox-çox əvvəllər, siyasi proseslərə atıldığı ilk illərdə Levon Ter-Petrosyanın sülhlə bağlı bəyan etdiyi prinsiplərə sadiqlik göstərirdi. Hətta açıqlamasında deyirdi ki, ermənilər öz tarixi torpaqlarını qoyaraq Türkiyə ərazisindən Qafqaza gəliblər. O baxımdan düşünürəm ki, Paşinyan hökuməti sülhə sadiq qalmaq istərdi, amma buna mane olan daxili və xarici faktorlar mövcuddur. Daxili faktorlar odur ki, sabiq iqtidarlar, keçmiş Koçaryan və Sarkisyan hökumətləri, həmçinin yeni ortaya çıxmış bəzi qüvvələr ictimai rəyi Paşinyan hökumətinə qarşı çevirməyə çalışırlar, müəyyən qədər də buna nail olurlar. Eyni zamanda qonşu İrandakı müəyyən qüvvələr müxalif partiya rəhbərlərini müxtəlif adlarla İrana dəvət edirlər. Sanki Paşinyan hökumətinə qarşı müxalifətin koalisiyasını formalaşdırmağa, onların arxasında İranın olduğu görüntüsünü yaratmağa çalışırlar".
  C.Quliyevin qənaətincə, prosesdə maraqlı tərəflərdən biri də Fransadır: "Paris Münhen formatından kənarda qaldı. Məhz Fransanın Brüssel formatında iştirakına görə Azərbaycan tərəfi həmin formatdan imtina etmişdi. Bu, Parisi narazı salan məqamdır. Fransa məmnuniyyətlə həmin formata qayıtmaq, öz vasitəçilik missiyasını ortaya qoymaq üçün təxribatlara gedə bilər. Fransanın Ermənistanı silahlandırması, Avropa İttifaqının müşahidə missiyasının tərkibinin artırılması, Makronun Azərbaycanı ittiham xarakterli çıxışları məhz təxribat yönlü addımlardır. Makronun son çıxışında bir məqama toxunmaq istərdim. Sanki diqqətimizdən yayınmış kimi görünən bir məqamdır. Makron Ermənistan tərəfinin təxribatını söyləməklə, Azərbaycanın verdiyi reaksiyanın yüksək olduğunu iddia edirdi. Əslində, Makron özü də təxribatın Ermənistan tərəfindən törədildiyini dolayısı ilə etiraf etmiş oldu. Fransa Azərbaycanın öz əsgərinin yaralanmasına bir-iki saatlıq qisas əməliyyatı ilə cavab verməsini "aşırı reaksiya" adlandırırdı".
Analitik bəyan edib ki, Parisin bu addımı sadəcə Azərbaycana münasibətdən irəli gəlmir: "Xatırlayırsızsa, 2010-cu illərin əvvəllərində Türkiyənin ozamanki xarici işlər naziri Əhməd Davudoğlu Afrika səfərlərində diaspor nümayəndələri ilə görüşdə maraqlı ifadə işlətmişdi. Demişdi ki, "harada fransız bayrağı görürsüzsə, gedin orada türk bayrağı sancın". Türkiyə Fransanın Afrikadan tədricən uzaqlaşdırılmasına və o boşluğun tutulmasına çalışır. Azərbaycanda hakimiyyətin opponentləri bəzən Azərbaycanın Afrikada fəallaşmasını "Rusiyanın təhriki" kimi təqdim etməyə çalışırlar. Halbuki bu yaxınlarda ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleykin Ankara-Vaşinqton münasibətləri ilə bağlı "Türkiyə ilə güclü əlaqələr Amerikanın xeyrinədir" adlı maraqlı məqaləsi dərc olunmuşdu. Fleyk həmin yazıda qeyd etmişdi ki, "Türkiyə Afrika və Orta Asiyada Çinə alternativ olduğunu sübut etdi". Türkiyə Afrikada yaranmış boşluğun başqa güclər tərəfindən doldurulmasına qarşı mübarizə aparır. ABŞ səfirinin yazdığından aydın olur ki, bu mübarizə Vaşinqton tərəfindən də dəstəklənir. Azərbaycanın bu məsələdə qardaş Türkiyənin yanında olması, Afrika məsələsində fəallıq göstərməyimiz Fransanı bəzi addımlar atmağa təhrik edir. Fransa öz gücünü göstərməyə çalışır. İstər Afrikada, istər Orta Asiyada, istərsə də Cənubi Qafqazda Türkiyəyə qarşı öz varlığını sübut etmək istəyir. Lakin Azərbaycan-Türkiyə birliyi, rəsmi Bakının ağıllı siyasəti və həmlələri bu gedişlərin qarşısını alacaq. Fransanın zəifləmiş mövqeyini bərpa etmək üçün Cənubi Qafqazı plasdarma çevirmə cəhdinə imkan verilməyəcək".