Gürcüstanın mövqeyi də əməkdaşlıq prosesinə mane olur - RƏY

Göstəriş gözləyirlər

“Çox təəssüf ki, bölgə dövlətlərinin hamısı müstəqil deyil və öz maraqlarına uyğun olan addımları atmaqda bəzən çətinlik çəkirlər”

  Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmağın prioritet olduğunu deyib. Onun sözlərinə görə, daha sonra Ermənistan, Rusiya və İran bu fəaliyyətə qoşula biləcəklər. Parlament sədri vurğulayıb ki, ötən həftə Gürcüstanın xarici işlər naziri Ankarada idi: "Bizdən israrla tələb etdikləri şey budur: həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçlü mexanizmi daha da gücləndirmək, dövlət başçıları formatında bunu irəli aparmaq, daha sonra Ermənistan, Rusiya və İranın bu fəaliyyətə daxil olması ilə altılı bir mexanizm yaratmaq". Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.
  Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyə bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, iqtisadi əməkdaşlığın genişlənməsi istiqamətində uzunmüddətli çalışır. Ekspertin sözlərinə görə, Azərbaycan da bu məsələdə Türkiyənin yanında olub və bölgəmizin iqtisadi əməkdaşlıq, sülh və təhlükəsizlik məkanına çevrilməsi üçün əlindən gələni edir:

"Bunun üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq lazımdır. Rusiya ilə Qərbin qarşıdurması prosesi ləngidir. Azərbaycan həm Qərb platformasında, həm Rusiyada bu məsələlərin müzakirəsinə hazırdır. Bizim üçün heç bir fərq yoxdur ki, məsələ harada müzakirə olunur? Əsas məsələ təkliflərin ədalətli olması, bölgədə əməkdaşlığa və sülhün təmin olunmasına xidmət etməsidir. Ancaq Ermənistan Qərbin əlində bir oyuncağa çevrildiyindən yalnız Qərb platformasında - Brüsseldə, yaxud Vaşinqtonda sülh sazişini müzakirə etmək istəyir. Bu da prosesi uzadır. Dəfələrlə təkliflər oldu ki, "altılıq platforması" çərçivəsində bu məsələ müzakirə olunsun. Tehranda "3+3" formatında keçirilən tədbirdə Azərbaycan bu məsələnin müzakirə olunmasını mümkün sayırdı. Ancaq Ermənistan qəti şəkildə buna etiraz etdi və bildirdi ki, "altılıq" formatı yalnız iqtisadi əməkdaşlıq və təhlükəsizliyin təmin olunması məsələlərini müzakirə edə bilər".
  
Analitikə görə, Gürcüstanın tutduğu mövqe də əməkdaşlıq prosesinə mane olur:
"Bu səbəbdən Türkiyə daim cəhdlər göstərir. İlk addım kimi Azərbaycan-Gürcüstan-Türkiyə arasında daha sıx əməkdaşlığın formalaşması və sonradan bu prosesə digər bölgə dövlətlərinin də daxil olması təklif edilir. Çox təəssüf ki, Gürcüstanın bəzən atdığı addımlar münasibətlərə mənfi təsir göstərir. Azərbaycan Gürcüstana çoxlu güzəştlər edib və həmişə yardım göstərib. Fransa silahlarının Gürcüstan ərazisindən Ermənistana çatdırılması bizim üçün qətiyyən xoş deyildi. Ancaq münasibətlərimizi qorumaq üçün yenə də əlimizdən gələni etdik. Avropa Şurasında Azərbaycana qarşı ədalətsiz mövqe tutulanda da Gürcüstandan dəstək gözlədik. Təəssüf ki, nə Gürcüstan, nə də Ukrayna ilk anda arzuladığımız dəstəyi verdi. Amma hər şeyə rəğmən, "altılıq" platforma uğrunda səylərimizi davam etdiririk. Türkiyə aparıcı rol oynayan dövlətlərdəndir. Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb. İran da Moskvanın yanındadır. Bu səbəbdən əsas ağırlıq Türkiyənin və Azərbaycanın üzərinə düşür. Ancaq bu işdə ən ciddi maneə Qərbin dediklərini icra etməyə çalışan Gürcüstanın və Ermənistanın sərgilədiyi mövqedir".
  
A.Səmədov vurğulayıb ki, Azərbaycan Prezidenti Qərb-Rusiya qarşıdurmasının sülh sazişinə təsirini azaltmaq üçün təklif etdi ki, Gürcüstanda bu proses davam etdirilsin: 
"Təklif olundu ki, görüşlər Gürcüstanda keçirilsin və gürcü baş naziri də bunu çox böyük razılıqla, həvəslə qarşıladı. Sonradan Qərbin müəyyən münasibətini görəndən sonra Gürcüstanda fəallığını azaltdı. Reallıq budur. Çox təəssüf ki, bölgə dövlətlərinin hamısı tam anlamda müstəqil deyil və öz maraqlarına uyğun olan addımları atmaqda bəzən çətinlik çəkirlər, göstəriş gözləyirlər. Bu da prosesi ləngidir. O səbəbdən qardaş Türkiyənin bu cəhdlərinin arzuladığımız nəticə verəcəyinə o qədər də inanmıram".