"Türkiyə qlobal güc olma yolunda sürətli addımlar atır. Türkiyə qardaş Azərbaycanla Qarabağda çiyin-çiyinə dayanır". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada keçirilən mitinqdə çıxış edərkən deyib. Ərdoğan bildirib ki, Türkiyə xarici siyasətdə Avropadan təriflər almaq üçün çalışmır. Regional güc olmaqdan daha çox qlobal güc olmaq yolunda sürətli addımlar atır. Türkiyə lideri vurğulayıb ki, xarici siyasətdə artan nüfuzun arxasında güclü müdafiə sənayesi dayanır: "Müdafiə sənayesində xarici asılılığımız azaldıqca, xarici siyasətdə effektivliyimiz artır. Biz vəzifəyə gələndə 80 faiz başqalarından asılı idik. Xarici siyasətdə biz Avropadan “afərin” almağa çalışmaqdan bütün dünyada düzgün və ağıllı mövqeyi ilə təqdir olunan bir ölkəyə çevrildik”. Ərdoğan əlavə edib ki, Türkiyə müdafiə sənayesi sahəsində sözün əsl mənasında dastan yazır: “Bu gün Türkiyənin PUA-ları 34 müxtəlif ölkənin səmasını qoruyur. Biz bu sahədə dünyanın ilk üç ölkəsindən biriyik. Güclü müdafiə sənayemizlə dünyada söz sahibiyik. Bu yaxınlarda KAAN ilk uçuşunu uğurla həyata keçirdi. Dünyada KAAN ilə 5-ci nəsil təyyarə istehsal edə bilən 4 ölkədən biri olduq. Bu qürur hamımızın, 85 milyonumuzundur. Millət olaraq inandıq, çalışdıq və Allaha şükürlər olsun, uğur qazandıq. Bunlar yalnız başlanğıc idi. Biz daha çox, daha təkmil işlər görəcəyik. Yeni şad xəbərimiz yoldadır. Bir dəfə bunu edəcəyik dedik, biz bunu edirik. İçimizdəki müxaliflər, manqurtlar anlamasa da, dostlarımız Türkiyənin nə qədər böyük işlər gördüyünü yaxşı bilirlər. Son dörd gündür dünya KAAN-dan danışır”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Türkiyə Qarabağda olduğunu rəsmən elan etdi. Analitikin sözlərinə görə, Türkiyənin yeni nəsil KAAN qırıcı təyyarəsi təkcə bu ölkənin qürur mənbəyi deyil, Azərbaycanın da qürurdur:
"Türkiyənin siyasi və hərbi cəhətdən inkişafı Azərbaycanın müstəqilliyinin və təhlükəsizliyinin təmin olunmasında əsas başlıca amildir. Unutmayaq ki, Azərbaycan Rusiya və İran kimi imperialist siyasət yürüdən iki qonşu ölkə ilə sərhəddir. Məhz bu iki ölkə daim Azərbaycanın müstəqilliyini və təhlükəsizliyini təhdid edir. Türkiyənin öz hərbi sənayesini inkişaf etdirməsi, Qarabağ müharibəsində olduğu kimi sonrakı proseslərdə də Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Türkiyə prezidenti Türkiyənin qlobal güc olaraq Qarabağda olduğunu elan etdi. Ərdoğan Qarabağın adını təsadüfi çəkmədi. Rusiya və Fransa yenidən Qarabağla bağlı addımlar atmağa çalışır. Rusiya öz hərbiçilərini Qarabağda saxlamaq istəyir. Fransa da Ermənistanı silahlandırmaqla ermənilərin Qarabağa qayıtmasında maraqlıdır. Ona görə də cənab Ərdoğan Qarabağla bağlı bu iki ölkənin kirli planlarının qarşısını alacağını mesajını verdi".