“Azərbaycan suverenliyimizə təhdid törədə biləcək istənilən addımların qarşısını almağa qadirdir”
Özünü buraxmış və artıq mövcud olmayan Qarabağdakı qondarma rejim hazırda Ermənistanda baş qaldırır. Görünən odur ki, Nikol Paşinyan hakimiyyəti də onların fəaliyyəti üçün şəraiti təmin edir. Separatçılar fəaliyyət əhatəsini genişləndirərək Qərb təmsilçiləri ilə də görüşlərə can atırlar. Bu proses davam edəcəyi təqdirdə, Ermənistanın ağır nəticələrlə üzləşəcəyi şübhə doğurmur. Azərbaycan dövləti Qərbi Azərbaycanı bəyan edə bilər. Əslində, separatçı tör-töküntüləri aktivləşdirən məsələnin nə olduğu bəllidir. Məlumdur ki, son günlərdə Ermənistan Xankəndidə keçmiş separatçılar tərəfindən tikilən bəzi binaların sökülməsinə siyasi don geyindirməyə çalışır. Halbuki orada bir neçə tikili məhz separatçı-xuntanın çirkin fəaliyyəti üçün inşa edilmişdir. Əlbəttə, həmin şər yuvaları məhv edilməliydi və edildi. Digər tərəfdən, Qarabağda 30 il ərzində mövcud olan rejim qanunsuzdur. Heç bir dövlət bu rejimi tanımayıb. Beynəlxalq hüquq da qondarma rejimin mövcudluğuna imkan vermir. Bu da o deməkdir ki, oradakı separatçıların tikdikləri binalar da qanunsuzdur. Yada salaq ki, işğal dövründə Şuşada da “parlament binasının” tikintisi gedirdi. Amma 44 günlük müharibə vaxtı həmin tikili dağıdıldı. Azərbaycan Ordusu Ermənistanın növbəti siyasi təxribatına və tarixi saxtalaşdırma cəhdinə imkan vermədi. İndi həmin binanın yerində "Şuşa" hoteli tikilib. İndi bəzi Ermənistan rəsmiləri bu binaların sökülməsini sülh prosesinə zərbə kimi qələmə verməyə çalışırlar. Halbuki bunlar tamamilə fərqli məsələlərdir. Azərbaycan, əksinə, etimad mühitinin yaranmasına, təkcə hakimiyyətlər deyil, həm də xalqlar arasında münasibətlərin normallaşmasına çalışır. Azərbaycan indi işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən vaxtilə qondarma rejimin mövcud olduğu Xankəndidə geniş yenidənqurma-bərpa işləri həyata keçirir. Əslində, bu, geniş mənada həm də tarixin bərpasıdır. Azərbaycan xalqı başqasının yazdığı tarixə boyun əymir, əyməyəcək. Azərbaycan öz tarixini özü yazır və öz yazdığı tarixi yaşayır.
Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında bildirib ki, bununla Azərbaycana siyasi təzyiq göstərməyə çalışırlar. Deputat vurğulayıb ki, hazırda sülh müqaviləsi üzərində iş gedir:
"Beynəlxalq hüquqa əsasən sülh müqaviləsi iki qonşu ölkə arasında normal münasibətlərin qurulmasının əsasını müəyyən edir. Amma Ermənistan çalışır ki, bura mütləq ya Azərbaycanda "erməni icması" ilə bağlı ayrıca bənd salsın, yaxud da sərhəd məsələsində Azərbaycanın müəyyən əraziləri ona güzəştə getməsinə nail olsun. Azərbaycanla münasibətlərdə sabah hansısa problem yaradacaq bir məsələnin əsasını qoysun. Ancaq Azərbaycan belə məsələləri hər zaman diqqətdə saxlayır. Heç zaman imkan verməz ki, İrəvandan Bakıya problemlər yaşadılsın. Belə bir bir problem 200 il əvvəl, dövlət müstəqilliyimizi itirdikdən sonra baş verdi. 100 il bundan əvvəl müstəqilliyimizin bərpasında xaricdən müəyyən dairələrin gənc Azərbaycan dövlətinə təzyiqi nəticəsində İrəvanı, Göyçəni, Zəngəzuru itirdik. İmkan vermək olmaz ki, gələcək nəsillər indiki dönəmdə atılan hansısa səhv addımın nəticələrini dadsınlar. Əlbəttə, qətiyyən imkan verməyəcəyik. Ermənistanın bütün cəhdləri əbəsdir. Separatçı tör-töküntülərin fəaliyyətlərinin hər hansı bir nəticəsi olmayacaq. Azərbaycan suverenliyimizə təhdid törədə biləcək istənilən addımların qarşısını almağa qadirdir. Əgər separatçıların qalıqları hər hansı xarici ölkə ilə əlaqəyə keçərsə, Azərbaycan tərəfinin həmin ölkəyə sual ünvanlamağa haqqı yaranacaq. İndi bu məsələnin də arxasında Fransanın dayandığını, Parisin anti-Azərbaycan mövqeyi ilə bağlı olduğunu birbaşa demirik. Onsuz da Fransanın bu siyasəti onun özünə çox ciddi ziyan vurur".