4 Avropa ölkəsi Fələstini tanıyacaq - İsraildən sərt reaksiya

İsrail dörd Avropa ölkəsinin Fələstin dövlətinin tanınması istiqamətində işləmək planlarına reaksiya verib.
Sherg.az xəbər verir ki, Təl-Əviv administrasiyası bunun qonşular arasında münaqişənin danışıqlar yolu ilə həlli şansını azaldacaq bir "terror mükafatı" təşkil etdiyini iddia etdi.

İspaniya dünən bəyan edib ki, Yaxın Şərq sülhü naminə İrlandiya, Malta və Sloveniya ilə birlikdə Fələstinlilərin İsrail tərəfindən işğal olunmuş İordan çayının qərb sahili və Qəzza zolağında elan etdiyi dövlətin tanınması istiqamətində ilk addımları atmağa razılaşıblar.

İsrailin xarici işlər naziri İsrael Katz sosial media hesabından verdiyi açıqlamada, “7 oktyabr qırğınından sonra Fələstin dövlətinin tanınması HƏMAS və digər Fələstin terror təşkilatlarına israillilərə qarşı cinayətkar terror hücumlarına siyasi jestlərlə cavab veriləcəyi mesajını verir” deyib.

Nazir Katz əlavə edib: "Münaqişənin həlli yalnız tərəflər arasında birbaşa danışıqlar yolu ilə mümkün olacaq. Fələstin dövlətinin tanınması istiqamətində istənilən addım problemin  həllini gecikdirir və regional qeyri-sabitliyi artırır".