Görünən isə odur ki, hazırda Moskvanın təqdim etdiyi sazişə, onun köməyinə tərəflərin ehtiyacı yoxdur
"Proses ikitərəfli şəkildə, Azərbaycan və Ermənistan komissiyaları çərçivəsində tədricən də olsa gedir"
Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvanı Üçtərəfli İşçi Qrupun işini bərpa etməyə çağırıb. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya, Azərbaycan və Ermənistan Baş naziri müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun 2023-cü il 2 iyun tarixində keçirilən iclasında tərəflər Cənubi Qafqazda regional nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı hərtərəfli qarşılıqlı sərfəli həllə yaxın olublar: “Biz tərəfdaşlarımızı Üçtərəfli İşçi Qrup daxil olmaqla, üçtərəfli formatda əməkdaşlığı bərpa etmək üçün siyasi iradə göstərməyə çağırırıq”. Zaxarova əlavə edib ki, ərazilərin, o cümlədən, anklavların məsələsi, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir: “Biz, öz tərəfimizdən, Rusiyanın əlində olan unikal kartoqrafik materiallar və ekspertiza əsasında maksimum dərəcədə köməklik göstərməyə hazırıq. Analoji prinsiplər Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasına da aiddir”. Rusiya rəsmisi qeyd edib ki, Moskva “Zəngəzur dəhlizi” ifadəsini işlətmir. Onun sözlərinə görə, söhbət Azərbaycanın qərb rayonlarını Ermənistanın Sünik (Zəngəzur) rayonu ərazisindən keçməklə Naxçıvanla birləşdirən marşrutdan gedir: "Kompromisləri inkişaf etdirmək üçün yaxşı qurulmuş mexanizm var. Bu, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupudur. 2023-cü il iyunun 2-də keçirilən son iclasında tərəflər regionda nəqliyyat və iqtisadi yolların blokadadan çıxarılması üçün hərtərəfli, qarşılıqlı faydalı qərar qəbul etməyə yaxın idilər. Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırırıq”.
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya Azərbaycan-Ermənistan arasında sülh sazişinin onun rəhbərliyi ilə imzalanmasını istəyir:
"Amma sazişin harada və hansı formada imzalanması tərəflərin suveren hüquqlarıdır. Görünən odur ki, hazırda Rusiyanın təqdim etdiyi sazişə, onun köməyinə tərəflərin ehtiyacı yoxdur. Proses ikitərəfli şəkildə, Azərbaycan və Ermənistan komissiyaları çərçivəsində tədricən də olsa gedir. Artıq sülh danışıqları prosesində Qərbin də iştirakına ehtiyac duyulmur. Bakı və İrəvan özləri çıxış yolu tapa bilərlər. Əlbəttə ki, Kreml və Qərb buna imkan verərsə..".