İranın Rusiyadakı səfiri Kazım Cəlali Ermənistanın əli ilə Qərbin Cənubi Qafqaza yerləşməsindən danışıb. Səfir vurğulayıb ki, İran tərəfi həmişə qonşularına deyib ki, regiondan kənar qüvvələrin bölgədə olması Tehranın maraqlarına uyğun deyil. Onun sözlərinə görə, regional problemləri region ölkələri həll etməlidir: “Biz əminik ki, regiondankənar qüvvələr ölkələrimiz üçün faydalı ola bilməz”.
Qeyd edək ki, regiondan kənar qüvvələri Cənubi Qafqaza - öz ərazisinə Ermənistan dəvət edib və sərhəddə AB missiyasını yerləşdirib. Bu məqam İranı da ciddi narahat etməkdədir.
Politoloq Turab Rzayev deyib ki, Tehran hökuməti Ermənistanla siyasi-hərbi, iqtisadi əməkdaşlığı prioritet sayırdı və öz regional siyasətini İrəvan üzərindən həyata keçirirdi. Ekspertin sözlərinə görə, Vətən müharibəsində Ermənistanın ağır məğlubiyyəti İranın Cənubi Qafqazdakı rolunu xeyli zəiflətdi:
"İran yenə də Ermənistanla əlaqələri gücləndirməyə çalışdı. Zəngəzur dəhlizinin reallaşmasına imkan verməyəcəyini söylədi. Ermənistan sərhədlərinin İran üçün "qırmızı xətt" olduğunu dedi və s. Bununla yanaşı, ermənilərə hərbi vasitələr göndərdi. Lakin ABŞ-Ermənistan arasında hərbi təlimlər Tehran rejiminin İrəvana baxışında dəyişiklik yaratdı. Çünki Ermənistan açıq-aşkar ABŞ və Fransanı bölgəyə gətirdi. Ermənistanın indiki fəaliyyəti İranın təhlükəsizliyini təhdid edir. Ola bilsin, Amerika və Avropa ölkələri İrəvan hökumətinə təzyiq göstərirlər ki, İranla münasibətləri soyuqlaşdırsın. Ona görə, İran mütəmadi vurğulayır ki, bölgədə yad ünsürləri görmək istəmir. Tehran İrəvanı dinc metodlarla yola gətirməyə çalışır".