Ermənistan təxribat niyyətindən əl çəkməli, kənar güclərin təhriklərinə getməməlidir
Şərti sərhədlərimizə hərbi texnika və canlı qüvvə cəmlənməsi Ermənistanın nəyəsə hazırlandığını göstərir
Son zamanlar Ermənistanın Azərbaycanla şərti sərhədlərin müxtəlif istiqamətlərində zirehli texnika, artilleriya qurğuları, canlı qüvvə cəmlədiyi müşahidə olunur. Müdafiə Nazirliyinin yaydığı məlumatda da qeyd olunub ki, son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq getməsi özünü büruzə verir. Nazirlik xəbərdarlıq edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq: "Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcək". Erməni ordusunun sərhədimizə qoşun yığması barədə yayılan məlumat və videonu erməni kanalları da dolayısı ilə təsdiqləyiblər. “Erməni Hərbi Portalı” Teleqram kanalı görüntülərin Arazdəyən istiqamətində qeydə alındığını bildirib. Qoşunların və zirehli texnikanın Arazdəyəndən keçərək Naxçıvanın işğal altında olan Kərki kəndinə doğru hərəkəti görünür. Erməni kanalı iddia edilib ki, guya birinci videoda qoşunların adi rotasiyası, ikincidə isə “sürücülərin təlimi”dir və heç də sərhədə qoşun yığılmır. Ancaq “sürücülərin təlimi” zamanı hərbi maşınlarda niyə əsgərlərin daşındığına aydınlıq gətirilməyib. Halbuki “qoşunların yerdəyişməsi” və “təlim” adı ilə tanklar da daxil olmaqla, qoşqulu hərbi yük maşınlarının sərhədimizə doğru irəliləməsi açıq-aydındır. Ekspertlərə görə, Ermənistanın sərhəddə yeni qüvvələr toplamasını müxtəlif ehtimallarla əsaslandırmaq mümkündür. Birinci ehtimal Nikol Paşinyanın 4 kəndin qaytarılması mövzusunu 5 apreldə Brüsseldə müzakirə etmək istəyidir. O, veriləcək məsləhət əsasında qərar qəbul edəcək, buna qədər isə sərhədi möhkəmləndirməyə çalışır. Görünür, Paşinyan bu qənaətdədir ki, Azərbaycanın 4 kəndi geri qaytarmaq üçün çox gözləmək fikri yoxdur. İkinci ehtimal Paşinyanın Ermənistan ordusuna tam nəzarət edə bilməməsiylə bağlıdır və baş nazirin orduda “5-ci kolon” adlandırdığı güclər Azərbaycana qarşı təxribat planlaşdırırlar.
Siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a açıqlamasında deyib ki, şərti sərhədlərə qoşun və texnika toplanması erməni tərəfinin növbəti təxribatıdır. Ekspertin sözlərinə görə, Azərbaycanın və dünya ictimaiyyətinin tələbləri Ermənistan tərəfindən iqnor edilməkdədir:
"Ermənistan hökuməti öz cəmiyyətinin tələblərini görməzdən gəlir. İrəvan Fransa və ABŞ-dən gələn tələbləri həyata keçirir. Həyasızlığa baxın ki, Ermənistanda olan Avropa Birliyinin monitorinq qrupu sərhəddə hər hansı hərəkətlilik, həyəcan olmadığını deyib. Missiya iddia edib ki, erməni silahlı birliklərinin hərəkəti nizamnamə daxilindədir. Azərbaycan Müdafiə Nazirliyi isə haqlı olaraq öz sərhədlərindəki təhlükəni, təxribat cəhdini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Açıq bəyan edilir ki, əgər müharibəyə hazırlaşan ermənilər hər hansı təxribata əl atarsa, Azərbaycan Ordusu layiqli cavablarını verəcək. Bunu ona görə edirik ki, sabah ermənilərin dərsini verəndə İrəvan və onları himayə edən Qərb ölkələri yalandan hay-küy salmasınlar. Azərbaycanın hücum etdiyi yalanını tirajlamasınlar. Məsələ ondadır ki, hazırda Qazaxın kəndlərinin Azərbaycana qaytarılması müzakirə olunmaqdadır. Hətta ilk mərhələdə anklav olmayan 4 kəndin geri veriləcəyi deyilir. Bununla yanaşı, aprelin 5-də Brüsseldə ABŞ, Avropa Birliyi və Ermənistan arasında üçtərəfli konfrans keçiriləcək. Qərb bu görüşə böyük önəm verir. Məhz bu proseslərin fonunda şərti sərhədlərimizə hərbi texnika və canlı qüvvə cəmlənməsi Ermənistanın nəyəsə hazırlandığını göstərir. Amma müəyyən dairələrin başının altından çıxan bu hazırlıqlar Ermənistan üçün heç də yaxşı nəticələnməyəcək. Dəfələrlə öz sözünü demiş Azərbaycan Ordusu yenə də çəkinmədən zərbəsini vuracaq. Ona görə də Ermənistan təxribat niyyətindən əl çəkməli, kənar güclərin təhriklərinə getməməlidir".