Xocalıda aşkar olunmuş kütləvi məzarlıqlar erməni vandalizminin sübutudur
“Dünya birliyi erməni faşizminin və Ermənistanın təcavüzkar dövlət siyasətinin mahiyyətini bütün gerçəkliyi ilə görməli və bilməlidir"
32 il əvvəl xalqımıza qarşı törədilən Xocalı soyqırımı tarixin ən ağır faciələrindən biri, insanlıq əleyhinə yönələn ümumbəşəri cinayətdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir”. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalıya hücumu zamanı şəhər bir gecədə yerlə yeksan edildi, dinc sakinləri qətliama məruz qaldı. 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi, 1275 sakin girov götürüldü. Təsadüfi deyil ki, Xocalı soyqırımı kütləvi insan qırğınına görə Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi tarixin dəhşətli faciələri ilə bir sırada dayanır. İndiyədək aparılan sistemli işlərin nəticəsində Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən, eləcə də Amerika Birləşmiş Ştatlarının 30-dan çox ştatında tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız düşmən işğalından azad olunaraq Xocalı faciəsi qurbanlarının da qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı. Bundan sonrakı ümdə vəzifəmiz isə 30 il əvvəl Xocalıda baş verən beynəlxalq cinayət faktlarının soyqırımı kimi tanıdılması istiqamətində fəaliyyətimizin davam etdirilməsi və bu faktlar əsasında beynəlxalq cinayət mühakiməsinin reallaşdırılmasıdır. Son günlərdə Xocalıda aparılan bərpa-quruculuq işləri zamanı üzə çıxan kütləvi məzarlıqlar, 32 il əvvək əsir və girov götürülmüş hərbi və mülki sakinlərin dəhşətli işgəncələrlə qətlə yetirilməsi faktının üzə çıxması da erməni vəhşiliklərini ifşa edir. Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib ki, 2022-ci ildən bəri işğaldan azad edilmiş ərazilərdə görülən tikinti işləri zamanı kütləvi dəfn olunanlardan başqa, müxtəlif ərazilərdə tək-tək basdırılan 107 şəxsin də meyit qalıqları aşkar edilib. Baş Prokurorluğun və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatına görə, 2022-ci ildə 32, 2023-cü ildə 60, 2024-cü ildə 4 nəfər olmaqla, ümumilikdə 107 şəxsin meyit qalıqları aşkar edilərək götürülüb. Bundan başqa, martın əvvəlində Xocalı şəhərinin mərkəzində tapılan kütləvi məzarlıqda 18 nəfərin meyitinin qalıqları aşkarlanıb, onlardan 8 nəfərin şəxsiyyəti müəyyənləşib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, şəxsiyyəti müəyyən olunanlardan 5-i Xocalı, 3-ü Xankəndi sakini olub. Qalıqları tapılan Xocalı rayon sakinləri 59 yaşlı Ağəli Əliyev, 59 yaşlı Sürəyya Əliyeva, 30 yaşlı Akif Mahmudov, 18 yaşlı Xəzər Səlimov, 57 yaşlı Tamilla Səlimova olub. Xankəndi şəhər sakinləri isə 38 yaşlı Əli Cavadov, 37 yaşlı İsmayıl İsmayılov və 38 yaşlı Bəsirə Məhərrəmova olub. Qurum bildirib ki, istintaq materiallarına əsasən, adı çəkilən şəxslər 1992-ci ilin 26 fevral tarixdə Xocalı rayonu ərazisində itkin düşüb. Meyitlərin qalıqları tapılan ən azı 18 nəfərdən dörd nəfərinin azyaşlı olması ehtimal edilir. Onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib. Dövlət qurumları bildiriblər ki, toplanmış materiallar istintaq aparılan cinayət işinə əlavə edilib. Martın 1-də Xocalı şəhərinin mərkəzində bir məzardan daha 5 nəfərə aid insan qalıqları aşkar edilib. Ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində tapılmış insan qalıqlarının sayı həmin məzarda "azı 10 nəfərin" basdırıldığını göstərir.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev deyib ki, Xocalıda yeni tapılan məzarlıqda insan qalıqlarının sayı arta bilər. Onun sözlərinə görə, məhkəmə tibbi ekspertləri hazırda burada iş aparırlar: “Martın 28-də işğaldan azad edilmiş Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında insan qalıqları aşkarlanıb. Tapılan insan qalıqları qablaşdırılaraq götürələcək. Aparılan araşdırmalardan sonra qalıqları tapılan şəxslərin yaşı, boyu, hansı şəraitdə ölmələri ilə bağlı məlumatlar məlum olacaq”.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli hadisəsidir. Onun sözlərinə görə, Xocalı soyqırımına siyasi qiymət verilməsi istiqamətində ilk addım Ulu Öndər Heydər Əliyev tərəfindən atılıb. Sistemli fəaliyyət nəticəsində 18 ölkədə bu hadisə soyqırım kimi tanınıb. Lakin beynəlxalq aləmdə bu soyqırıma düzgün qiymət verilməyib. O qeyd edib ki, gələcəkdə Xocalıda kütləvi məzarlıqların aşkarlanması istisna olunmur: "Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ili Vətən müharibəsində və lokal antiterror tədbirlərində Xocalı soyqırımının qisası döyüş meydanında alınıb. Xocalıda aşkar olunmuş kütləvi məzarlıqlar erməni vandalizminin sübutudur".
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, Xocalıda aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin nəşi 32 il sonra, Azərbaycanlıların Soyqırımı günündə Xocalı Şəhidlər xiyabanında dəfn edilib. Onun sözlərinə görə, hər iki soyqırımı erməni barbarları tərəfindən xüsusi amansızlıqla törədilib:
"31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə 32 il öncə Xocalıda törədilmiş qətliamın qurbanlarının qalıqlarının milli-mənəvi dəyərlərimizin müşayiəti və müvafiq dövlət qurumlarımızın dəstəyi ilə dəfn olunmasının özü də ibrətli hadisədir, tarixi mesajdır. Nə 31 Mart soyqırımının, nə də ki Xocalı soyqırımının qurbanlarının qisası yerdə qaldı. Tarix boyu soydaşlarımızın mənfur qonşularımız tərəfindən məqsədyönlü şəkildə etnik təmizləməyə, soyqırımına, deportasiyalara, terrora və işğallara məruz qalmasına 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizdən sonra son qoyulub. İşğal dönəmində baş vermiş erməni vəhşilikləri zaman keçdikcə bütün təfərrüatı ilə üzə çıxacaq, xalqımıza qənim kəsilmiş erməni faşizmini tam olaraq ifşa etməyimiz mümkün olacaq. İndi hər birimiz tarixi ədalətin tam olaraq bərpası üçün xalqımıza qarşı həyata keçirilmiş dəhşətli soyqırım hadisələrini bütün dünyanın diqqətinə çatdırmalıyıq. Dünya birliyi erməni faşizminin və Ermənistanın təcavüzkar dövlət siyasətinin mahiyyətini bütün gerçəkliyi ilə görməli və bilməlidir".