ABŞ, Ermənistan və AB görüşün Azərbaycana qarşı yönəlmədiyini desə də, bu, Bakının narahatlığını aradan qaldırmır
Brüsseldə 5 apreldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək amerikalı və avropalı rəsmilərin ona ölkəsi üçün təhlükəsizlik təminatı verəcəyi məlumatları geniş yayılıb. Doğrudur, bır sıra Qərb dövləti Ukrayna ilə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıb. Ancaq bu sazişlər deklorativ xarakter daşıyır. Həmin sazişlər Ukraynanı Rusiyanın hücumlarından qorumur. ABŞ və Avropa İttifaqı və ya Fransa eyni sazişi Ermənistanla imzalaya bilərlər. Ancaq həmin sazişlər də işləməyəcək. Çünki Ermənistan-Azərbaycan sərhədi müəyyənləşməyib, sülh sazişi imzalanmayıb. Digər tərəfdən Vaşinqton, Brüssel və ya Paris Rusiyadan hələ qopmayan, Rusiya hərbi bazasını və sərhədçilərini çıxarmayan Ermənistana necə təhlükəsizlik təminatı verəcək, belə bir təminat verilsə belə, bunu necə reallaşdıracaqlar? Bir ölkədə bir-birinə zidd qüvvələrin - həm Rusiyanın, həm də ABŞ və ya Fransanın hərbi bazalarının mövcudiyyətini təsəvvür etmək çətindir. İndinin özündə Ermənistanda Rusiyanın hərbi bazasıyla yanaşı Avropa İttifaqının, əsasən Fransanın müşahidəçi missiyası var və hələ ki, bir-birilərinə mane olmurlar. Ancaq həmin müşahidəçi missiya silahlı deyil və Ermənistanın təhlükəsizliyinin təminatçısı deyil.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, aprelin 5-nə planlaşdırılan görüşün Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edəcəyi ehtimal olunur. Ekspertin sözlərinə görə, Vaşinqton görüşün “Bakı və İrəvan arasında sülh danışıqlarına aid” olduğunu bildirib. Rəsmi İrəvan isə görüşün “üçüncü tərəfə qarşı olmadığını” deyib:
"ABŞ, Ermənistan və AB görüşün Azərbaycana qarşı yönəlmədiyini desə də, bu, Bakının narahatlığını aradan qaldırmır. Ümumiyyətlə, Vaşinqton və Brüssel başa düşməlidir ki, bu günə qədər etdikləri Bakı nəzərində onların etibarını sarsıdıb. Məsələn, 44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlayırdı. Bu məqsədlə son 3 il ərzində “Ermənilərin humanitar fəlakəti” bəhanəsi ilə Azərbaycan və şəxsən Prezident İ.Əliyevə qarşı təzyiq kampaniyası aparıldı. Bundan başqa, Azərbaycanda qanunsuz maliyyələşmə ilə yaratdıqları informasiya resurslarını gücləndirirdilər. Bütün bunlar nəticəsiz qaldığından indi açıq şəkildə hərbi planlar qurulur. Məsələ ondadır ki, Brüsseldə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında keçiriləcək görüş hərbi paktın əldə edilmə riski daşıyır. Bu məqam və ümumilikdə risk faktoru Bakının maraqlarına ziddir. Azərbaycan tərəfi dəfələrlə Avropa Birliyinin, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Rəsmi Bakı Ermənistan ilə sülh danışıqlarının davam etməsi, etimad mühitinin yaranması, habelə prosesə təsir edə biləcək məqamlardan yayınılmasının tərəfdarıdır".
Analitik vurğulayıb ki, hazırda iki ölkə arasında sülh istiqamətində mühüm addımlar atılır. 30 il ərzində olmayan və aparılmayan konstruktiv danışıqlar gedir: "Bununla belə AB-nin regiona müdaxiləsi və danışıqlara zərər verəcək addımlar atması Bakını narahat edir. Məsələn, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca 40 nəfər mülki monitorinq ekspertindən ibarət qrupun yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunmuşdu. Lakin daha sonra həmin monitorinq Azərbaycanın razılığı olmadan AB-nin Ermənistandakı Missiyasına çevrildi. Həmin missiya bu günə qədər ancaq anti-Azərbaycan təbliğatı aparıb. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur. Bütün bunlar Bakını narahat etdiyi bir zamanda aprelin 5-də Brüsseldə AB-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi sülh prosesinə zərbə vura bilər. Tərəflərin maksimum dərəcədə qarşılıqlı etimada zərər vuracaq vasitələrdən yayınması lazım olduğu halda belə addımların atılması doğru deyil. Rəsmi Bakı göz görə-görə yanı başında hərbi paktın əldə edilməsi ilə barışa bilməz".