Yeni Kaledoniyadakı vəziyyət adalara qonşu olan Avstraliya və Yeni Zelandiyanı da narahat edir
Fransa Sakit okeanda yerləşən Yeni Kaledoniyada tez-tez referendum keçirmək məcburiyyətində qalır. Çünki ada sakinlərinin bir qismi müstəqillik tələbi ilə çıxış edirlər. Ada dövlətində yaşayanların əsas hissəsi müstəqilliyə səs verməsələr də, referendumlarda nisbət getdikcə azalır. Yerli əhali olan kanakilərlə gəlmələr arasında dərin fikir ayrılığı mövcuddur. Kanakilər ada iqtisadiyyatının gəlmələrin nəzarətində olduğu qənaətindədirlər. Müstəqlllik tələb edən kanakilər azlıqda olsalar da, tələblərindən geri çəkilmirlər. Fikir ixtilafı səbəbindən adaları idarə edən nazirlər arasında istefaların sayı artıb.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Paris adalarda tez-tez keçirilən referendumlara müdaxilə etməsə də, Yeni Kaledoniyanın müstəqilliyinin əleyhinədir. Ekspertin sözlərinə görə, Fransa Yeni Kaledoniya vasitəsilə Sakit okeandakı nemətlərdən bəhrələnir:
"Bölgə balıq çeşidləri və nikellə məşhurdur. Dünyadakı nikel ehtiyatının əhəmiyyətli hissəsi Yeni Kaledoniyadadır və Fransa ondan istifadə edir. Bundan başqa Fransa bölgədə 8 min hərbçi yerləşdirib. Yeni Kaledoniya müstəqilliyini qazanarsa, Fransa həm bölgənin nemətlərindən bəhrələnə bilməyəcək, həm də hərbçiləri adaları tərk etməli olacaqlar. Afrikada sıxışdırılan Fransa Yeni Kaledoniyanı da itirmək istəmir.
Yeni Kaledoniyada və bölgə ətrafında Fransanın rəqibi peyda olub. Bu Çindir. Yeni Kaledoniya Çinə nikel satışını artırıb. Çin 2018-ci ildə Yeni Kaledoniyadan 1 milyard dollar civarında nikel alıb. Yeni Kaledoniyanın müstəqilliyi əleyhinə çıxanlar əhalini Çinlə qorxudurlar. Deyirlər ki, Yeni Kaledoniya Fransadan qurtularsa, ada Çinin nəzarətinə keçəcək. Bu təbliğat Parisin də maraqlarına cavab verir".
Politoloqun fikrincə, təsadüfi deyil ki, Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya son səfəri zamanı Çini bölgədə hegemonluğunu artırmaqda ittiham edib: "Halbuki Parisin siyasəti Pekinin siyasətindən fərqlənmir. Yeni Kaledoniyadakı vəziyyət adalara qonşu olan Avstraliya və Yeni Zelandiyanı da narahat edir. Bu iki dövlət də hesab edir ki, Pekinin Sakit okeanın ada dövlətlərində nüfuzu artıb. Pekinin bölgədəki kiçik adalara yatırımlarını artırmaqda siyasi məqsədi də var. Bölgədəki ada dövlətlərinin əraziləri kiçik olsa da, böyük dövlətlər kimi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında səs hüququna malikdirlər. Bununla Pekin Tayvan məsələsində kiçik ada dövlətlərini öz tərəfinə çəkmiş olur".